Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu 9 günlük Qurban bayramı günlərində Türkiyədə 35 milyon insanın səyahət etdiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, nazir Uraloğlu deyib: “Biz Türkiyəni yüksək sürücülük təhlükəsizliyi standartlarına malik rahat nəqliyyat şəbəkələri ilə təchiz etmişik. Xalqımızı sevdikləri ilə bir araya gətirməyin böyük xoşbəxtliyini və qürurunu yaşayırıq. Nazirlik olaraq ən böyük məqsədimiz millətimizə ən yaxşısını, ən gözəlini verməkdir. Bu əziz xalqımız buna çox layiqdir”.
Nazirliyin məlumatına görə, 23 iyun - 2 iyul tarixləri arasında Türkiyə daxilində hava limanlarında 54 min 124 təyyarə ilə toplam 7 milyon 882 min sərnişin axını həyata keçirilib. Ən çox uçuş və sərnişin axını 15 min 415 təyyarə və 2 milyon 410 min sərnişinlə İstanbul Hava Limanında qeydə alınıb.
Muğla Milas-Bodrum Hava Limanında 2265 təyyarə trafiki ilə təxminən 238 min sərnişinə xidmət göstərilib.
Muğla Dalaman Hava Limanında 2359 təyyarə ilə təxminən 281 min sərnişin daşınıb.
Ankara Esənboğa Hava Limanında 2862 təyyarə ilə 389 mindən çox sərnişinə xidmət göstərilib.
İzmir Adnan Menderes Hava Limanında 2317 təyyarə vasitəsilə 355 min sərnişin daşınıb.
Bayram günlərində YHT ilə (Yüksək Sürətli Qatar) 343658, magistral xəttlə 162863 və regional qatarlarla 320906 olmaqla cəmi 827427 sərnişin daşınıb.