BƏƏ Uxan şəhərindəki ərəb vətəndaşları təxliyyə edib

11:12 05.03.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Çinin Uxan şəhərindən ərəb vətəndaşları təxliyyə edib. Təxliyyə olunanlar BƏƏ-də yeni yaradılmış “Əmirliklər humanitar şəhəri”ndə qarşılanacaq, onların sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün tibbi yoxlanış keçiriləcək.

BƏƏ-nin ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata görə, bu addım Prezident Şeyx Xəlifə bin Zayed əl-Nahyan və Əbu Dabinin Vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed əl-Nahyanın, "COVİD-19" virusunun episentri olan Çinin Uxan şəhərindən təxliyyəsindən sonra qonşu ərəb ölkələrindən müraciət edən fərdləri lazımi monitorinq və qabaqlayıcı tibbi qayğı ilə təmin edəcək səhiyyə müəssisəsi yaratmaq barədə göstərişlərinə müvafiq olaraq atılıb.

Uxandan 215 fərdi daşıyan xüsusi təyyarə təxliyyə prosedurunu icra etmək üçün HEPA kabin hava filtrasiyası sistemləri, tibbi ləvazimatlar və təchizatlar ilə, eləcə də labüd olan tibbi personal və təxliyyəni həyata keçirmək təlimi almış təyyarə heyəti ilə təmin edilib.

“Əmirliklər Humanitar Şəhəri” qəbul olunmuş fərdlərə, onların orada qaldıqları müddətdə rahatlığını, şərəf və ləyaqətini təmin edərək, ən yüksək standartalara uyğun şəkildə qurulub.

Fərdlər, onlara lazımi tibbi və laboratoriya testləri ediləcəyi, sağlamlıq və təhlükəsizliklərini təmin etmək üçün monitorinqdən keçəcəkləri 14 günlük karantində olacaqlar.

BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, eləcə də bu ölkənin Çindəki səfirliyi Əmirliklərin davamlı səylərinin bir hissəsi kimi virusun yayılmasının qarşısının alınmasında Çin hökuməti ilə əməkdaşlığı genişləndirmək məqsədilə təxliyyə prosesini başa çatdırmaq üçün müvafiq ölkələrin səfirlikləri ilə koordinasiya edib.