Belçikadakı soydaşlarımız Xocalıdan olan məcburi köçkünlərimizi sevindirdilər - FOTO

19:08 04.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müqəddəs Qurban Bayramı günlərini yaşadıq. Dünyanın hər yerində, o cümlədən ölkəmizdə pandemiya səbəbindən tətbiq olunan karantin rejiminin qaydalarına ciddi şəkildə riayət edilməklə sosial cəhətdən həssas kateqoriyaya aid insanlar qurban payları ilə sevindirildi, onlara müxtəlif yardımlar edildi.

Belə bir gündə xaricdə yaşayan soydaşlarımız erməni işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərimizin yanında olduqlarını göstərərək həmrəylik nümayiş etdirdilər.

Belə ki, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin  sədri Ayhan Dəmirçi, Belçika Gent Türk Ocaqlarının keçmiş rəhbəri Rəcəb Tuncər Sarının şəxsi təşəbbüsü ilə əksəriyyəti Xocalıdan olan məcburi köçkünlərimiz, tənha və yaşlı insanlarımız, sosial durumu ağır olan digər həmvətənlərimizə yardım üçün 120-dən çox qoyun qurban kəsilib.  

Qurban paylarının bir qismi Pirşağı qəsəbəsi Qızılqum deyilən yerdə Xocalı sakinlərinin məskunlaşdığı ərazidə paylanıldı. Qeyd edək ki, burada Şuşadan, Laçından olan məcburi köçkünlər də var.

Şəraiti heç də yaxşı olmayan üçmərtəbəli binada məskunlaşan Xocalı sakinləri və digər rayonlardan olan məcburi köçkünlərimiz bayram günündə onları yad edən təmsilçiləri gülərüzlə qarşıladılar. Bayram paylarının xaricdəki – Belçikadan olan soydaşlarımız tərəfindən göndərildiyini öyrəndiklərində isə ayrıca sevindilər. Başda Ayhan Dəmirçi, Rəcəb Tuncər Sarı və digər təşkilatçılara minnətdarlıqlarını bildirən məcburi köçkünlər hər zaman dövlətinin, erməni işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarının yanında olan bu cür həmvətənləri ilə fəxr etdiklərini söylədilər.

Yardım aksiyasının təşkilatçılarına dəstək verənlər isə Azərbacanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi və Ahıl İnsanlara Dəstək İctimai Birliyidir. Azərbacanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin hafta.az-a açıqlamasında bildirdi ki, 120-dən çox qurban kəsilib və bərabər şəkildə 685 ailəyə paylanılıb. Təxminən 100-dən artıq pay isə ahıl və tənha şəraitdə yaşayan insanlar üçün nəzərdə tutulub:

«Bu il Azərbaycanda həm də pandemiya yaşanır. Ona görə də, təşəbbüskarlar Qurban bayramı ərəfəsində ölkəmizdə yaşayan sosial cəhətdən həssas qrupa aid insanlara yardım etmək istədilər».

Onu da bildirək ki, Ayhan Dəmirçi və Rəcəb Tuncər Sarını Xocalı ilə bağlayan incə bir məqam var. Məhz bu insanların, birbaşa təşəbbüsü, digər diaspor təşkilatlarımızın da dəstəyi ilə hər il Avropa Parlamenti, Avropa İttifaqının qarşısında, Strasburda və eləcə də dünyanın ayrı-ayrı ölkələrinin siyasi mərkəzlərində Xocalı soyqırımının ildönümü ilə bağlı mitinqlər təşkil edilir. Xocalı həqiqətləri, 20-ci əsrin sonlarında erməni faşistləri tərəfindən dinc sakinlərə qarşı törədilən soyqırım haqqında beynəlxalq ictimaiyyət geniş məlumatlandırılır.

Bu səbəbdən sözügedən şəxslərin Xocalı ilə bağlı sanki bir vəfa borcları var. Xatırladaq ki, onlar tərəfindən bir neçə il əvvəl Qurban bayramı ərəfəsində qeyd olunan ərazidə fəaliyyət göstərən Xocalıdan olan uşaqların təhsil aldığı məktəbdə də xeyriyyə aksiyası təşkil edilib. Məktəbdə təhsil alan 171 uşağın böyük bir qismi məktəbli geyimləri və ləvazimatları ilə təmin edilib. Sosial yardım aksiyası çərçivəsində bu bayram günlərində Xocalı məktəbinin kollektivi də unudulmadı. Burada çalışan müəllim və tədris heyətinin üzvülərinə də Belçikadakı soydaşlarımızın bayram payı çatdırıldı.

Bu il isə məhz Ayhan Dəmirçinin, Rəcəb Tuncər Sarının çağırışından sonra Belçikada yaşayan digər azərbaycanlılar və türklər bu aksiyaya qoşuldular. Artıq gələn il bu cür aksiyaların cəbhəyanı ərazilərdə, o cümlədən Cocuq Mərcanlıda da təşkil edilməsi planlaşdırılır. Budəfəki sosial yardım aksiyası bayram günləri ərzində davam edib. 

Belə addımlar həm də onu göstərir ki, daspor təşkilatlaımız ən çətin günlərində də dövlətimizin yanındadırlar.

Biz də gələn Qurban Bayramını doğma torpaqlarında, öz evlərində keçirtmək diləyi ilə məcburi köçkünlərimizin yanından ayrılıb bir günlük sosial aksiyamızı yekunlaşdırdıq.

Qeyd edək ki, bayram payı alanlar arasında pandemiya ilə mübarizənin ön səflərində yer alan tibbi personalımız da unudulmayıb. Dünyanın düzənini dəyişən, hər birimizi evdə həbsdə saxlayan pandemiya dönəmində ən risk altında çalışan xidmət personalı xanımlarımızdı. Hər bir sağalan, başqalarına umud olan xəstələrimiz onlara təşəkkür edir, onlara dualar edirlər. Qurban bayramı günlərində onları yad etmək, mənəvi dəstək olmaq üçün günümüzün qəhrəmanları ilə də görüşə getdik. Həm Qurban payı apardıq, həm də  onlara Ayhan Dəmirçi və Rəcəb Tuncər Sarının salamlarını, xeyir dualarını çatdırdıq.

Beləliklə, məcburi köçkünlər, tənha və yaşlı insanlar, sosial cəhətdən həssas qrupa daxil olan vətəndaşlar və koronavirusla mübarizədə bu gün ön sıralarda olan tibb işçilərini də əhatələyən 700 ailə Qurban bayramı günlərində Belçikadakı soydaşlarımız tərəfindən sevindirildi.

Oxunma sayı 5457