Beynəlxalq ekoloji təşkilatlara çağırış

11:08 05.11.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün işğalçı Ermənistan insanlığa və günahsız dinc sakinlərə qarşı törətdiyi cinayətlərlə yanaşı, ekoloji terror siyasətini də davam etdirməkdədir. Ekoloji terror aktlarını davam etdirən düşmən təkcə region üçün deyil, planetin ekoloji tarazlığı üçün də qiymətli olan təbiət abidələrinin, flora və faunanın məhvinə çalışır. Təkcə son bir həftədə Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq və münaqişənin coğrafiyasını genişləndirərək cəbhə xəttindən kənarda yerləşən Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə dəfələrlə raket mərmiləri düşüb. Təcavüzkar Ermənistanın törətdiyi bu terror siyasəti nəticəsində Cənubi Qafqazda füsunkar gözəlliyə malik nadir təbii gölləri və unikal landşaftı ilə zəngin yeganə təbiət ərazisi olan Göygöl milli parkının və “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının siyahısına daxil edilmiş Ağgöl milli parkının ərazisində yanğınlar baş verib, flora və faunaya, təbii landşafta ciddi ziyan dəyib.

Bir neçə gündür isə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qadağan edilmiş fosfor silahlarından istifadə etməklə Şuşa meşələrini yandırmağa başlayıblar. Təcavüzkar Ermənistanın törətdiyi bu terror siyasəti nəticəsində qiymətli fauna və flora növləri sıradan çıxmaqdadır. Bununla düşmən ölkə həm də 2002-ci ildə qoşulduğu "Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi" haqqında BMT anlaşmasını da pozmuş olub. Həmin anlaşmaya görə, hərbi münaqişə dönəmində qarşı tərəfin ətraf mühitinə düşmən məqsədilə genişmiqyaslı, uzunsürən və ya ağır nəticə yaradan dağıntı yaratmaq, ya da ziyan vurmaq beynəlxalq hüququn kobud pozuntusu sayılır.

Məlumat üçün bildirək ki, fosforun təbiətdə 3 allotropik modifikasiyası bilinməkdədir. Ağ, qara və qırmızı fosfor. Ağ fosfor zəhərlidir. Onu qızdırdıqda qırmızı fosfora çevrilir. Qırmızı fosfor kükürd və şüşə qırıntıları ilə birlikdə kibrit istehsalında istifadə olunur. Bombalarda isə ağ fosfordan istifadə edilir. Bu silahdan ilk dəfə Almaniya Birinci Dünya müharibəsində istifadə edib. Ağ fosfor atmosferdəki oksigen ilə birləşdikdə yanğın əmələ gəlir və bu zaman istilik min dərəcəni keçir. Yanğın ağ tüstü ilə müşahidə edilir və fosforun və ya oksigenlə təmasın bitməsinə qədər davam edir. Bu silahın istifadə edilməsinin qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər qəbul edilib. İlk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyasi qəbul edilib. Budan başqa 1949-cu il müharibəsi qurbanlarının qorunması haqqında Cenevrə konvensiyaları və 1977-ci ildə onlara qəbul edilmiş əlavə protokollar, “Adi silahların konkret növləri haqqında konvensiyaya” III protokol (1980) (Həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi sliahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə konvensiya) var. Sənədlərdə vurğulanıb ki, istənilən şəraitdə mülki əhaliyə olmaq etibarı ilə ayrı-ayrı mülki şəxslərə və ya mülki obyektlərə yandırıcı silahdan tətbiq etməklə hücum qadağan edilir. Amma Şuşada baş verənlər erməni silahlı bölmələrinin beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan istifadəsinə dair ilk fakt deyil. Belə ki, 2016-cı ilin aprel döyüşlərində də erməni ordusu mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub.

Müşahidələr onu göstərir ki,indiyədək Ermənistanın təcavüzü nəticəsində Azərbaycan meşələrinə külli miqdarda ziyan vurulub. Belə ki, Kəlbəcər, Laçın, Zəngilan, Xankəndi (Şuşa rayonu da daxil olmaqla), Xocavənd, Ağdərə meşə təsərrüfatlarının 261 min hektardan artıq meşə sahələri işğal altında olmaqla, vəhşicəsinə qırılaraq talan edilib. Orada bitən çox qiymətli palıd, fısdıq, vələs, ağcaqayın, ayı findığı, qoz, şərq çinarı kəsilərək Ermənistana daşınıb.

Məsələyə münasibət bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə də bildirib ki, təcavüzkar Ermənistan qəsdən Şuşa meşələrini yandırmaqla işğal altında saxladığı Azərbaycan ərazilərində ekoloji terroru davam etdirir və bölgənin, ümumiyyətlə isə planetimizin ekoloji durumuna qarşısıalınmaz zərərlər vurmaqla yeni növ cinayətlərə əl atır: “İşğalçı Ermənistanın olduqca qiymətli Şuşa meşələrinə zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən istifadə etməklə od vurması təcavüzkar rejimin insanlığa zidd qəddar xislətini bir daha nümayiş etdirir. Bütün Dağlıq Qarabağ bölgəsində olduğu kimi Şuşada da çox zəngin və qiymətli meşələrimiz var. İşğaldan əvvəl meşə fondunun ümumi sahəsi 8526 hektar olub. Əsasən qiymətli və çoxillik palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc, qoz ağaclarından ibarət sıx meşəliklərin yaratdığı unikal bir ekosistemin məhv edilməsi, əsasən endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə vuran bu vandal hərəkətlər Ermənistan tərəfinin də qoşulduğu ətraf mühit üzrə bütün beynəlxalq konvensiyalara görə bəşəri cinayət kimi qiymətləndirilir. Çünki ağ fosfor tipli bombalardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir”.

Nazirlik rəsmisi bu cinayət faktının qarşısının alınması, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün region ölkələrini, həmçinin dünya birliyində yer alan dövlətlərin təbiəti mühafizə qurumlarını, beynəlxalq ekoloji təşkilatları birləşməyə çağırıb.

Mövzu ilə bağlı fikirlərini bildirən Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib ki, təcavüzkar Ermənistan 30 ildir işğal altında saxladığı Azərbaycan ərazilərində təbiət abidələrinə, bioloji müxtəlifliyə, meşə sahələrinə, yeraltı və yerüstü təbii sərvətlərə ciddi zərər vurmaqla böyük miqyaslı ekoloji terror aktları törədir: “Son günlərdə işğalçı Ermənistan dövləti döyüş bölgəsindən kənarda yaşayan mülki əhaliyə, ekoloji mühitə, təbii sərvətlərə, regionun ümumdünya əhəmiyyətinə malik bioloji müxtəlifliyinə, zəngin meşə sahələrinə yenidən qəsd etməyə başlayıb. Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq cəbhə xəttindən kənarda yerləşən rayonları mütəmadi artilleriya atəşinə tutması nəticəsində xüsusi mühafizə olunan və beynəlxalq səviyyədə tanınan təbiət ərazilərinə, o cümlədən Ağgöl və Göygöl milli parklarına geniş miqyaslı yanğınlara səbəb olan bir neçə raket mərmisi düşüb. Ermənistanın ekoloji terrorunun davamı olaraq qiymətli Şuşa meşələrinə zəhərli, söndürülməsi mümkün olmayan və qadağan olunmuş ağ fosfor maddəsindən istifadə olunmaqla od vurulub”.

A.Səmədova qeyd edib ki, təcavüzkar Ermənistan tərəfindən qəsdən törədilən bu terror aktları nəticəsində bölgədə ciddi ekoloji fəsadlar yaranıb, təbii bitki örtüyü, min illərlə əmələ gələn torpağın üst qatı tamamilə yanıb, Azərbaycanın “Qırmızı Kitab”ı və Beynəlxalq Qırmızı Siyahıya daxil olmuş nadir, sayı kritik həddə azalan bitki və heyvan növləri məhv olub, heyvanların yaşayış arealları dağıdılıb, ekosistemin tarazlığı pozulub, ətraf mühit komponentlərinə ciddi ziyan dəyib: “Ermənistan tərəfindən təbiətə qarşı törədilən bu ağır cinayətlər ətraf mühit sahəsində mövcud olan “Bioloji Müxtəliflik”, “Ramsar” və “Bern” beynəlxalq konvensiyalarının tələblərinin kobud surətdə pozulmasıdır. Azərbaycan ərazisində işğalçı Ermənistan dövləti tərəfindən mütəmadi həyata keçirilən ekoloji terror aktlarına son qoyulması və erməni separatçılarının törətdikləri cinayətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidməti sözügedən konvensiyaların katibliklərinə müraciət edib”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 4312