Bir milyondan çox ağac əkiləcək

10:10 24.09.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ötən il meşə və qeyri-meşə fondu torpaqlarında müxtəlif cinslərdən ibarət 1 764 min ağac əkilib

Payız mövsümündə 507 hektar ərazidə bir milyondan çox ağacın əkilməsi nəzərdə tutulur. Bununla yanaşı, 10 min hektara yaxın ərazidə meşəbərpa tədbirlərinin həyata keçirilməsi planlaşdırılır. Bu fikirləri Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayımlanan “Ekspert saatı”nda deyib.

N.Xıdırovun sözlərinə görə, meşə-bərpa tədbirləri zamanı əsasən meşəcinsli  – palıd, cökə, fıstıq ağaclarının toxumu payızda tədarük olunur və meşələrin açıq sahələrinə, talalara, seyrək hissələrə səpilir. Bu da gələcəkdə minlərlə ağacın əmələ gəlməsinə şərait yaradır.

Xidmət rəisi onu da qeyd edib ki, meşələrin bərpası ilə yanaşı, meşəqırma hallarının daha çox qeydə alındığı rayonlar var. Burada Oğuz, Qəbələ, İsmayıllı və Lerik rayonları fərqlənir: “2017-ci ildə qanunsuz qırıntının həcmi 55-56 min kubmetr, 2018-ci ildə 28 min kubmetrdən, 2019-cu ildə 18 min kubmetrdən çox olub. Bu ilin ötən dövründə isə həmin rəqəm 6 min 600 kubmetrdir”.

Onun sözlərinə görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə beynəlxalq ekspertlər və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Azərbaycan Respublikasında meşələrin mühafizəsinə və davamlı inkişafa dair Milli Meşə Proqramı” hazırlanıb. Milli Meşə Proqramı təsdiq olunmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərilib. Proqramın yaxın vaxtlarda təsdiq olunması gözlənilir.

O, meşələrlə bağlı görülən işlər barəsində danışaraq deyib ki, 2018-2019-cu illərdə Bərdə və Şəki regional mərkəzlərinin 103 min hektar ərazisində meşə quruluşu işləri aparılıb: “Hazırda Zaqatala regional mərkəzində həmin işlər davam etdirilir. Görülən işlərin növbəti üç ildə tam yekunlaşdırılması nəzərdə tutulur”.

Qeyd edək ki, son illər Azərbaycanın meşə fondunun zənginləşdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Təkcə 2019-cu il ərzində meşə və qeyri-meşə fondu torpaqlarında zeytun, badam, tut, xurma, ərik, heyva, iydə, qoz, fındıq, cökə, ərik, şabalıd, qarağat, nar, alma, alça, gavalı, şam, tuya, sərv, akasiya, katalpa, çinar, ağcaqayın və s. cinslərdən ibarət 1 764 min ağac əkilib. Eyni zamanda, meşə və qeyri-meşə fondu torpaqlarından daha səmərəli istifadə edərək əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədilə açıq meşə sahələrində 642 ha ərazidə aqrobağlar salınıb. Bununla yanaşı, aqrobağların salınması məqsədilə fiziki və hüquqi şəxslərə 7 619,7 ha ərazi icarəyə verilib.

Azərbaycan Respublikasının Meşə Məcəlləsinə görə, ölkə ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. Meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir. Torpaqların meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan Respublikasının meşə qanunvericiliyi və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Meşə torpaqlarına meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar (meşələşməmiş qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar, tinglik sahələri, çətiri birləşməmiş meşə əkinləri və digərləri) aid edilir. Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar (kənd təsərrüfatı torpaqları, meşə mərzləri, yollar altında olan torpaqlar və digər torpaqlar), habelə meşə fondunun sərhədləri daxilində yerləşən sair torpaqlar (bataqlıqlar, daşlıqlar, qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa torpaq sahələri) aid edilir. Meşə fondunun sahələrinə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri aiddir.

Məlumat üçün onu da xatırladaq ki, meşələr öz funksiyalarına görə eroziyaya qarşı (torpaqqoruyucu), suqoruyucu (meşə döşənəyi), çay kənarlarındakı qoruyucu meşələr (Kür çayı sahili Tuqay meşələri), şəhər yaşıllığı (parklar və bağlar), yol kənarındakı qoruyucu meşələr, istirahət və sanitar məqsədli kurort ərazilərdəki meşə sahələri və s. qruplara bölünür. Son illərdə respublikanın əksər bölgələrində meşəçilik və meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Məqsəd meşələrin münbitliyini və məhsuldarlığını artırmaq, meşə fondu torpaqlarından daha səmərəli istifadə etmək, meşələrin ətraf mühitə müsbət təsirini və qoruyucu funksiyalarını yüksəltməkdən ibarətdir. Araşdırmalara görə, respublikamızda meşə ilə örtülü sahələrdə bitki örtüyü cinslərə görə təqribən aşağıdakı kimi paylanılıb: şam 0,04 faiz, ardıc 2,37 faiz, fıstıq 31,68 faiz, palıd 23,4 faiz, vələs 26,01faiz, göyrüş 0,01faiz, ağcaqayın 0,22 faiz, qovaq 3,58 faiz, qızılağac 1,87 faiz, cökə 1,71faiz, qarağac 1,16 faiz, digər cinslər 7,95 faiz olduğu müəyyən edilib. Dünyada rast gəlinən bitki növlərinin demək olar ki, hamısı respublikamızda yayılıb. Azərbaycanda bitən, təxminən, 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir.

Azərbaycanın dövlət əhəmiyyətli meşə fondunun ümumi sahəsi 1159,2 min hektardır, o cümlədən meşə ilə örtülü 935,5 min ha, ümumi oduncaq ehtiyatı isə 124,54 min m3-dir. Ümumiyyətlə meşə sahələrinə və oduncağın ehtiyatına görə Azərbaycan azmeşəli (meşəsi çatışmayan) respublikadır. Burada hər adambasına 0,14 ha meşə sahəsi və 18,4 m3 oduncaq düşür. Respublika ərazisinin meşəliliyi 11,4 faizdir və onlar ərazidə heç də bərabər şəkildə yerləşməyib. Meşələrin əsas sahəsi Böyük Qafqazın cənub yamacları hissəsindədir - 311,1 min ha, Qarabağda 187,7 min ha, Talışda isə 139,7 min ha-dır. Əgər dağ zonalarında meşəlilik 18-43faiz arasında dəyişirsə, aran rayonlarında 0,5-2 faizə qədər azalır. Burada tamamilə meşəsiz olan inzibati rayonlar da mövcuddur. Belə ki, dağ yamaclarında və dağ çaylarının vadilərində meşələr ərazinin 60-95 faizni tutduğu halda, dağətəyi və düzənlik sahələrin yalnız 2-15 faizi meşəlikdir, Naxçıvan MR-da isə 0,4 faiz təşkil edir.

Mütəxəssislər isə hesab edirlər ki, yaşıllaşdırma, meşəsalma və bərpa işləri nəticəsində meşə sahələrinin ümumi torpaq sahələrinə nisbəti artacaq, yolkənarı ərazilərdə atmosfer havasının çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılmasına nail olunacaq. Müasir ekoloji tələblərə görə ölkə ərazisinin minimum 20-25 faizi meşə ilə örtülməlidir. Ölkəmizdə isə bu rəqəm, təxminən,12 faizə bərabərdir. Ona görə də respublikamızda bu sahəyə ciddi diqqət yetirilir. Təkcə bir faktı xatırlayaq ki, 2010-cu ildə – "Ekologiya ili"ndə ölkəmizdə 20 milyondan çox ağac əkilib. Sonraki illərdə də bu tendensiya davam etdirilib və etdirilməkdədir. Ötən il isə ölkəmizdə ağacəkmə ilə bağlı geniş bir aksiya baş tutmuşdu. Belə ki, 2019-cu il dekabrın 6-da Azərbaycanda bir gün ərzində indiyədək görünməmiş sayda - 650 min ağac əkilmişdi. Bu ekoloji aksiya dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdi. Qeyd edək ki, ağacəkmə aksiyası respublikanın bütün regionlarını əhatə etmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanmışdı. Xəritədə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın regionlarında ağacların əkiləcəyi yerlər qeyd olunmuşdu. Aksiyada nazirliyin tinglik təsərrüfatlarında yetişdirilən 50 növə yaxın ağac əkilmişdi.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ekologiya kafedrasının professoru, Azərbaycan Ekologiya Standartları Monitorinq Fondunun prezidenti Rauf Sultanovun sözlərinə görə, ölkədə yaşıllığın salınması yaşıl kütlənin əmələ gəlməsinə səbəb olur və bu əmələ gəldikdə heyvanların yemlənməsi, mikroorqanizmlərin əmələ gəlməsində iştirak, heyvanlar arasında ekoloji tarazlığın təmin edilməsinə imkan verir: “Etiraf etməliyik ki, vaxtilə ölkədə yaşıllıqlar salınsa da, pərakəndə idi. Ancaq son illər bu istiqamətdə Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşəbbüsü ilə genişmiqyaslı işlər görülür. Eləcə də ölkədə bu sahədə fəaliyyət göstərən Ekologiya və Təbii Sərvətlər Nazirliyi var və bu nazirlik, demək olar ki, ölkədə çox önəmli layihələrin həyata keçirilməsində iştirak edir. Ancaq bu da bir faktdır ki, nazirlik 100 dəfə artıq fəaliyyət göstərsə də, ekoloji problemləri həll etmək qeyri-mümkündür. Bunun üçün əhali arasında maarifləndirmənin aparılması, ekoloji şüurun yaradılması, ekoloji biliklərin formalaşdırılması ekoloji problemlərin həllində, o cümlədən yaşıllıqların mühafizəsində mühim rol oynaya bilər”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 1969
Sosial rubrikasından digər xəbərlər