BMT-dən dünya ölkələrinə çağırış

10:29 15.10.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

BMT-nin Baş katibi qlobal istiləşmə ilə mübarizə planını açıqlayıb. O, qlobal istiləşməni insan sivilizasiyasının mövcudluğuna təhlükə adlandırıb. Antonio Quterreş TED Countdown Beynəlxalq İqlim təşəbbüsünün himayəsi altında keçirilən forum iştirakçıları qarşısında çıxış edərək xəbərdarlıq edib ki, indi hərəkət etməyə başlamasaq, bu əsr bəşəriyyət üçün son əsr ola bilər: “Bildiyiniz kimi, qlobal istiliyin artımının 1,5 Selsi səviyyəsində saxlanılması barədə elm adamlarının fikri mövcuddur. İqlimşünasların tövsiyələrinə baxmayaraq, bu tövsiyə hazırda yerinə yetirilmir. Nəticədə, dünyada milyardlarla insan bizim hərəkətsizliyimizdən əziyyət çəkir. Mədən yanacağından köklü asılılığa görə biz yerimizdə addımlayırıq. Qlobal iqlim dəyişikliyi görünməmiş meşə yanğınları, intensiv və tez-tez baş verən siklonlar, daşqınlar, quraqlıq və digər ekstremal hava hadisələri ilə nəticələnir”.

Antonio Quterreşin sözlərinə görə, dünyanın heç bir ölkəsi iqlim böhranından sığortalanmayıb. Eyni zamanda, hər bir dövlətdə iqlim dəyişikliyi probleminin ortaya çıxmasında ən az iştirak edən əhalinin yoxsul və həssas təbəqələri ən çox əziyyət çəkir: “Son 25 ildə dünya əhalisinin 10 faizini təşkil edən ən zənginlərin payına atmosferə atılan karbon tullantılarının 50 faizi düşür, ən yoxsul 50 faizinin isə atmosferə atdığı tullantıların həcmi 7 faizdir. Biz hələ də daha etibarlı, daha ədalətli və davamlı dünya qura bilərik, amma sürətlə hərəkət etməliyik. Bunun üçün dünya ölkələrini və bütün beynəlxalq ictimaiyyəti konkret prinsiplərə əsaslanan sadə plan qəbul etməyə çağırıram. Burada əsas üstünlük “yaşıl” iş yerlərinə prioritet investisiyalara, ətraf mühiti çirkləndirən sənaye sahələrini dəstəkləməkdən imtinaya, mədən yanacağının hasilatı və emalı ilə məşğul olan müəssisələrin subsidiyalaşdırılmasının dayandırılmasına, istənilən maliyyə və siyasi qərarların qəbulu zamanı iqlim risklərinin uçotuna, qarşılıqlı yardım və həmrəylik ruhunda qlobal əməkdaşlığa, planetdə sağlam iqlim uğrunda mübarizədə geridə qalmış dövlətlərə yardıma yönəldilməlidir. Bu fəaliyyət planını, artıq 2050-ci ilə qədər istixana qazı tullantılarının azaldılmasına görə üzərinə öhdəlik götürən minlərlə şirkət, şəhər, bölgə, universitet və özəl investor yerinə yetirir. Mən hərəkatımıza qoşulanlara minnətdarlığımı bildirirəm. Qalanlarına bir daha demək istəyirəm ki, bu döyüşü yalnız birlikdə qazana bilərik”.

Qeyd edək ki, atmosferə buraxılan zərərli qazlar ekoloji anomaliyaların ortaya çıxmasında başlıca rol oynayır. Ekoloji anomaliyalardan biri də istilik effektidir. Bu effekt günəş şüalarının istilik enerjisinin müəyyən hissəsinin Yerin səthində saxlanmasından ibarət olmaqla atmosferdə "az qazlar"ın (azot oksidləri,xlorflüorkarbohidrogenlər) miqdarının artması nəticəsində əmələ gəlir. Sübut olunub ki, istilik effekti əmələ gələn qazların, xüsusilə karbon qazının miqdarının atmosferdə illik artımı (0,5 faiz) dinamik yüksələn xətt üzrə inkişaf etməklə, onun əsas mənbəyi kömürün,neftin və onun məhsullarının təbii qazın, istilik elektrik stansiyalarının sobalarında, avtomobillərin,təyyarələrin və s. nəqliyyat vasitələrinin mühərriklərində daxili yanma prosesinin son məhsuludur. Dünyanın inkişaf etmiş sənaye ölkələrində son 30-35 ildə atmosferə atılan karbon qazının miqdarı çoxluq təşkil edir. Karbon və digər qazların atmosferdə miqdarının artması həm istilik effektini gücləndirir, həm də qlobal temperatur dəyişkənliyi və iqlim anomaliyaları yaradır. Araşdırmalara görə, 2030-2050-ci illərdə planetimizdə temperaturun 1,5-4,5 dərəcə yüksəlməsi ehtimal olunur. Qlobal temperatur və iqlim dəyişkənlikləri insan, flora və faunanın həmin şəraitə uyğunlaşmasını -adaptasiya olunmasını böhran vəziyyətinə çatdıra bilər.

Yeri gəlmişkən, son zamanlar antropogen və texnogen təsirlər nəticəsində baş verən anomaliyaların xüsusi əhəmiyyət kəsb edən forması turşulu-rəngli yağışlardır. Turşulu yağışların əsas səbəbi atmosferə atılan kükürd və azot oksidlərinin miqdarının artmasıdır. Həmin dioksidlər əsasən İES-dən nəqliyyat vasitələrindən,kimya və metallurgiya zavodlarından atmosferə atılaraq yağmurlar nəticəsində müvafiq turşulara çevrilir və turşulu yağışlar şəklində Yer səthinə düşür. Turşulu yağışların əsas hissəsi sulfit anhidridinin, müəyyən hissəsi azot2 oksidin payına düşür. Sənaye mərkəzləri olan şəhərlərdə turşulu yağışlar tez-tez müşahidə olunur.

Digər tərəfdən, atmosferin normal ahənginin pozulması güclü küləklərin, fırtınaların,sunamilərin, daşqınların, leysan yağışlarının,dolunun, tropik siklonların, tayfunların, vulkanların, sel və su basmalarının,qar uçqunlarının, quraqlığın, kosmik fəlakətlərin (meteoritlərin yağması,onlar düşərkən güclü səsküy və işığın əmələ gəlməsi) yaranmasına səbəb olur və ciddi təlatüm doğurur. Ətraf mühit amillərinin (hava,torpaq,su), eləcə də, radioaktiv maddələrlə atmosferin çirklənməsi insanların süni və təbii radioaktiv maddələri istismar etməsi ilə bağlıdır. Radioaktiv maddələr əsasən təbii halda havaya torpaqdan (müxtəlif qazlarla, küləklə, vulkan püskürmələri və suların buxarlanması ilə və s.) daxil olur. Bismut, tallium, eləcə də polonium kimi digər ağır metallar kosmik şüalarla və Yer qabığında şüalar buraxmaqla havanı radon, torium və onların parçalanma məhsulları ilə çirkləndirir. Atom müəssisələrində baş verən qəzalar da atmosferin radioaktiv çirklənməsinə səbəb olur.

İstilik effekti nəticəsində yaranan qlobal istiləşmə isə planetimiz üçün ciddi təhlükə hesab edilir. Belə ki, buzlaqların əriməsi, bitkilərin vaxtından əvvəl çiçəkləməsi, atmosfer havasının temperaturunun yüksəlməsi – bütün bunlar qlobal iqlim dəyişmələrinin əlamətləri hesab edilir. Son 150 il ərzində axırıncı 12 ilin 11 ili bütün dövrlərin ən isti illəri sayılır. Yer tarixində 20 dəfə rekord isti yay dövrü olmuşdur ki, bunlar da 1980-ci ildən indiki dövrə qədər təsadüf edir. Eyni zamanda, deqradasiyaya məruz qalmış, həyat qabiliyyətini itirmiş ölü zonalar getdikcə artır. Bu ekoloji fəlakətin bir səbəbi evtrofikasiya – dəniz sularında üzvi maddələrin (xüsusən azot və fosfor tərkibli) ifrat konsentrasiyası ilə bağlıdır.

Digər tərəfdən, coxsaylı məlumatlar sübuta yetirir ki, qlobal istiləşmə insanların sağlamlığına ciddi təsir göstərir. Faciəli meteoroloji hadisələr, ərzaq və su ehtiyatlarına təsir edən qeyri-sabit iqlim şəraiti, infeksion xəstəliklərin baş verməsinin yeni modelləri və ekosistemlərin dəyişməsi ilə xəstəliklərin yaranması - bütün bunlar qlobal istiləşmədən irəli gəlir və sağlamlıq üçün təhlükələr törədir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan Pedoqoji Universitetinin professoru, Ekoloji Standartların Monitorinqi Fondunun rəhbəri Rauf Sultanov da hesab edir ki, Yer kürəsində istiləşmənin qarşısını almaq üçün ilk növbədə atmosferi çirkləndirən qazların miqdarı azaldılmalıdır: "Təbii ki, müasir dövrün ən böyük problemlərimdən biri qlobal istiləşmədir. Vaxtı ilə dünya miqyasında əhalinin sayı az olduğu üçün atmosferdə gedən proseslər qlobal istiləşməyə təsir göstərmirdi. Hazırda əhalinin sürətlə artması və elmi texnikanın inkişafı nəticəsində atmosferə buraxılan qazların miqdarı çoxalıb. Aramid effekti yarandığı üçün də qlobal istiləşməyə təsir edir. Günümüzdə bu proses qlobal xarakter aldığı üçün Birləşmiş Millətlər Təşkilatı və bu kimi beynəlxalq təşkilatlar atmosferə buraxılan zəhərli qazları azaltmaq məqsədi ilə müəyyən tədbirlərin həyata keçirilməsi üçün konvensiyalar qəbul ediblər. Çox təəssüflər olsun ki, bəzi ölkələr həmin konvensiyanın müddəalarına əməl etmir. Əgər ABŞ və inkişaf etmiş digər kapitalist ölkələri atmosferin çirklənməsinin qarşısını almaq üçün ərazilərindəki bəzi sənaye obyektlərinin bağlamalı və ya müasir texnologiyalardan istifadə etməklə qlobal istiləşmənin qarşısını almalıdırlar. İstiləşmənin qarşısını almaq üçün ilk növbədə, atmosferi çirkləndirən qazların miqdarı azaldılmalıdır. Bu istiqamətdə görülən tədbirlər az effekt verdiyi üçün qlobal istiləşmə hazırda ən böyük problemlərdən birinə çevrilib. Dünya ölkələrinin bu məsələyə laqeyidliyi davam edərsə, gələcək illərdə Yer kürəsində ciddi ekoloji fəlakətlər qaçılmaz olacaq”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 3728