Braziliyalı məşhur qatil Pedro Rodrigues Filho San-Paulu yaxınlığında naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.
Hafta.az-ın Le Monde-yə istinadən yazdığına görə, Braziliyanın ən böyük qatili kimi tanınan və əksəriyyəti cinayətkar olan yüzdən çox insanı öldürdüyünü iddia edən Rodrigues Mogi das Cruzes şəhərinin cənub-şərqində hücuma məruz qalıb.
Sao Paulo polisi özünü "qanun icraçısı" olaraq xarakterizə edən və eyni zamanda "Braziliyalı Dexter" kimi tanınan Rodriguesin dəfələrlə güllələndiyini və şübhəlilərin hücumdan sonra hadisə yerindən qaçdığını açıqlayıb.
68 yaşlı Rodrigues qətl ittihamı ilə 42 il həbsdə yatmışdı. Rəsmi olaraq 71 qətlə görə məsuliyyət daşıyan braziliyalı qatilin özü yüzdən çox insanı öldürdüyünü bəyan edib.
Braziliya mətbuatında dərc olunan müsahibələrindən sonra şöhrət qazanan Rodrigues qurbanlarını cinayət törətdikləri üçün öldürdüyünü iddia edib. O, öldürdüyü insanların əksəriyyətinin narkotik alveri, zorlama və qətl kimi cinayətlər törətdiyini deyib.
"Matador Pedrinyo" və "Qatil Balaca Pedro" kimi tanınan Rodrigues, ABŞ istehsalı olan "Dexter" televiziya seriyalına istinad edərək, "Braziliyalı Dexter" kimi də xatırlanırdı. Serial ağır cinayətlər törədən insanları öldürən "Dekster" adlı serial qatilin hekayəsindən bəhs edirdi.
2018-ci ildə həbsdən çıxan Rodrigues “Kwai” onlayn videoproqramında 250 mindən çox izləyici toplayıb, burada qeyri-adi həyat hekayəsini danışıb və səs-küylü işlərə münasibət bildirməyə başlayıb.