BSU-da “Xocalı soyqırımı - əsrin faciəsi” anıldı

13:34 25.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Fevralın 25-də Bakı Slavyan Universitetində (BSU) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı - əsrin faciəsi” adlı tədbir keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdən əvvəl Xocalı faciəsinə həsr edilən sərgiyə baxış keçirilib, iştirakçılara universitetin faciəyə həsr olunan bukletləri paylanıb.

Universitetin akt zalında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan BDU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin müvafiq Sərəncamı ilə "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib. Bugünkü tədbir də həmin Sərəncama müvafiq olaraq keçirilir.

Sonra rektor tarixin ən qanlı və amansız cinayəti olan Xocalı faciəsindən danışıb.

Mərasim iştirakçıları Heydər Əliyev Fondunun sifarişi ilə ingilis dilində çəkilmiş "Xocalı qətliamı" filmini izləyiblər.

Tədbirdə BSU-nun jurnalistika kafedrasının müdiri, professor Şəlalə Həsənovanın rus dilində “Xocalı soyqırımı”, Tələbə Elmi Cəmiyyətinin sədri Könül Zeynallının “Xocalı soyqırımı gənclərin gözü ilə” mövzusunda məruzələr dinlənilib. Hər iki məruzədə xalqımıza, eləcə də bütün bəşəriyyətə qarşı törədilmiş böyük hərbi cinayət olan Xocalı soyqırımı konkret tarixi faktlar əsasında öz əksini tapıb və ermənilərin törətdikləri vandalizm aktı qətiyyətlə pislənilir.

Daha sonra faciənin şahidi, Xocalı hava limanının əməkdaşı olmuş Nazim Hüseynov “Bir gecənin faciəsi” adlı çıxışında şahidi olduğu qanlı hadisələr barədə danışıb.

Tədbirin sonunda rejissoru Əli Natiqoğlu olan və universitetin tələbə-gənclərinin səhnələşdirdikləri Xocalı soyqırımı qurbanlarına həsr olunmuş “Ana harayı” tamaşası nümayiş etdirilib.

Sosial rubrikasından digər xəbərlər