Bu gün 1300-dən çox namizəd imtahanı VERİR

09:00 23.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının birinci mərhələsini (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirir.

DİM-dən hafta.az-a bildirilib ki, imtahan vermək üçün 1373 namizəd qeydiyyatdan keçib. Onlardan 1036 nəfəri Azərbaycan, 337 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 543 nəfəri oğlan, 830 nəfəri isə qızdır. 223 nəfər cari ilin, 522 nəfər əvvəlki illərin məzunudur. 628 nəfər isə növbəti illərdə məzun olacaq. On üç nəfər xarici ölkə vətəndaşıdır.

Bakı və Naxçıvan şəhərlərində keçirilən imtahan saat 10:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İmtahan verəcək şəxslər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

 

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Binaya mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanların keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 119 nəzarətçi, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Oxunma sayı 70