Bu il ən azı 17,6 milyon uşaq aclıq içində doğulacaq

09:05 21.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Save The Children” BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qida çatışmazlığının yayılmasına dair son ölkə məlumatlarından və doğulanların sayı ilə bağlı BMT-nin hesablamalarından istifadə edərək, Ümumdünya Uşaqların Müdafiəsi Günü ilə bağlı yeni təhlilini dərc edib.

Hafta.az-ın yazdığına görə, təhlil göstərir ki, bu il 17,6 milyondan çox uşaq aclıq içində doğulacaq ki, bu da 10 il əvvəllə müqayisədə 22 faiz artım deməkdir.

Təhlildə iqtisadi qeyri-sabitliyin, qarşıdurmaların və təkrarlanan iqlim dəyişikliklərinin dünyanın hər tərəfinə təsir edən dağıdıcı aclıq böhranına töhfə verdiyi, bu il dünyada qeyri-kafi qidalanan doğumların 95 faizinin Afrika və Asiyada baş verəcəyi bildirilib.

Digər tərəfdən, qeyd edilib ki, məlumatlara işğal altındakı Fələstin torpaqlarında artan zorakılığın bölgədəki aclıq və ya doğum nisbətlərinə təsirləri daxil deyil.

Təhlildə əhalisinin ən azı 25 faizinin xroniki aclıqla üzləşdiyi Konqo Demokratik Respublikasının "bu il qida çatışmazlığı ilə doğulan körpələrin ən çox olduğu ölkə" olacağı təxmin edilir. Konqo Demokratik Respublikasında təxminən 1,5 milyon körpənin aclıq içində doğulacağı bildirilən təhlildə, bu rəqəmin FAO-nun 2001-ci ildə qeydlərinin başlamasından bu yana "ölkə üçün qeydə alınan ən yüksək rəqəm" olacağı proqnozlaşdırılıb. Həmçinin qeyd edilib ki, təxminlərə əsasən bu il Konqoda 5 yaşdan kiçik təxminən 6,6 milyon uşağın qidalanmadan əziyyət çəkəcəyi göstərilir.

“Save the Children” təşkilatı təhlillə bağlı açıqlamasında İngiltərədə keçirilən Qlobal Qida Təhlükəsizliyi Sammitində bir araya gələn dünya liderlərinə müraciət edərək, onları kəskin qida təhlükəsizliyinin əsas səbəblərini aradan qaldırmağa çağırıb.