Avropada qaz terminallarında doluluq 96,87 faizə çatıb.
Hafta.az-ın Newizv.ru-ya istinadən yazdığına görə, qəzet Rusiya ilə ticarət əlaqələrini böyük ölçüdə kəsən Qərbin qazı haradan tədarük etdiyinə nəzər salıb.
Ukraynaya qarşı müharibədən əvvəl Rusiya 45 faiz payla Avropanın ən böyük qaz tədarükçüsü idi. Lakin Qərb ölkələri müharibəyə cavab olaraq Rusiya ilə ticarət əlaqələrini tədricən kəsdi.
O dövrdə 31 faizlə ikinci ən böyük tədarükçü olan Norveç indi yüzdə 56 ilə birinci yerdədir. Avropanın ən çox təbii qaz aldığı ikinci ölkə isə 19 faizlə Əlcəzairdir. Hələ də Şərqi Avropa ölkələrini qazla təmin edən Rusiya 16 faizlə üçüncü yerdədir.
Rusiya 2021-ci ildə Avropaya 150 milyard kubmetr qaz satıb. Bu həcm 2022-ci ildə 80 milyard, 2023-cü ildə isə 40 milyard kubmetrədək azalıb.
Avropa İttifaqı 2027-ci ilə qədər Rusiya ilə qaz mübadiləsini tamamilə dayandırmağı hədəfləyir.