Prezidentin Özbəkistana səfərinin əhəmiyyəti müxtəlif aspektlərdə təhlil olunur. Özbəkistanla-Azərbaycanın yeni müstəviyə qalxan münasibətlərinin müsbət tərəfləri qeyd olunmaqla, türkdilli dövlətlərin əməkdaşlığının inkişafında mühüm addımlardan biri kimi önə çəkilib.
Bu istiqamətdə hafta.az-a açıqlama verən politoloq Samir Hümbətov hesab edir ki, ölkə başçısı cənab İlham Əliyevin Özbəkistana səfəri siyasi, iqtisadi, təhlükəsizlik, regional və qlobal baxımdan olduqca vacib əhəmiyyətə malikdir. Politoloq Prezidentin Özbəkistan səfərinin bir neçə məsələ ilə yadda qaldığını önə çəkib.
“Prezidentin ilk səfəri Daşkəndə oldu və orada Özbəkistan Prezidenti ilə görüşdü. Daha sonra Prezident ulu öndər Heydər Əliyevin barelyefinin açılışında iştirak etdi və bir sıra tarixi abidələri ziyarət edib. Görüşdə tərəflər arasında siyasi, iqtisadi, hərbi təhlükəsizlik sahəsində 20-yə yaxın müqavilə imzalanıb”.
Politoloq Azəbaycan-Özbəkistan arasında iqtisadi dövriyyənin, siyasi, iqtisadi imkanların genişlənəcəyi ilə bağlı məsələyə diqqət çəkib.
“Bunun üçün perspektivlər, maraqlar böyükdür. Səfər çərçivəsində imzalanan sənədlər bütün sahələri əhatə etməklə ölkələrarası münasibətlərin inkişafına təkan olacaq. Bu səfər Azərbaycan-Özbəkistan əməkdaşlığının inkişaf perspektivlərindən xəbər verir”.