Büdcəyə nəzarət tədbirləri artırılmalıdır - Ekspert

13:08 09.06.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Büdcədə vəsaitin genişləndirilməsi ilə yanaşı, ona nəzarət tədbirləri də artırılmalıdır.

Bu fikirləri hafta.az-a İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib.

 “Yaxşı olar ki, büdcə vəsaitlərinin daha qənaətli, şəffaf və təyinatı üzrə xərclənməsinə nəzarət gücləndirilsin, hesabatlılıq təmin olunsun. Bu çox vacib məsələdir. Biz çox vaxt büdcə vəsaitlərinin təyinatı üzrə xərclənmədiyi ilə qarşılaşırıq.

Məsələn, tibbi xərclərlə bağlı tutaq ki, tibbi ləvazimatların alınmasına dair büdcədə vəsaitlərə rast gəlirik. Əksər hallarda vətəndaşlar xəstəxanalara gedən zaman tibbi ləvazimatların olmamasından şikayət edirlər. Eyni zamanda, biz orta məktəblərlə bağlı xərclərə baxırıq və görürük ki, dövlət bu istiqamətdə nəzərdə tutulan xərcləri ildən-ilə genişləndirir. Buna baxmayaraq bəzi məktəblərdə valideynlərdən müxtəlif adlar altında təhsil müəsisəsinin xərclərini qarşılamaq məqsədilə vəsaitlər toplanılır. Yəni bunlar onu göstərir ki, büdcədə nəzərdə tutulan vəsaitlər xərclənən zaman ictimai nəzarət olmadığına görə, həmin vəsaitlər yayındırılır.

Ona görə də hesab edirik, büdcə prosesində ictimaiyyətin iştirakı olmalıdır. Məsələn, xarici təcrübədə büdcədən maliyyələşən bir orta məktəbin növbəti ilki büdcəsi formalaşdırılarkən mütləq prosesdə həm müəllimlər, həm də valideynlər yaxından iştirak edirlər. Azərbaycanda isə bu prosesdə bir direktor olur, bir də baş mühasib iştirak edir”.