Yaxın günlərdə bu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər ediləcək. Bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, bu ilin 3 ayında əldə edilmiş nailiyyətlər büdcəyə əlavələr etməyə imkan verir: “Bu ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, biz büdcəyə əlavələr edək. Artıq hökumətə göstəriş verilmişdir ki, büdcə dürüstləşməsi aparılsın və Milli Məclisə təqdim edilsin”.
Prezident vurğulayıb ki, ilk növbədə Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard manat çox vəsait toplanıb: “Bu da şəffaflıq nəticəsində olmuşdur, yeni idarəetmə nəticəsində olmuşdur. Gömrük sektorunda isə proqnozdan əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur. Hazırda gömrük sahəsində də aparılan islahatlar, əvvəlki dövrlərdə buraxılan nöqsanların aradan qaldırılması prosesi uğurla gedir. Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıbdır. Əlbəttə ki, biz ilin ancaq üç ayını başa vurmuşuq, ilin sonuna qədər, təbii ki, bu rəqəm artacaq. Ona görə işləri sürətləndirmək və ölkə qarşısında duran digər vəzifələri yerinə yetirmək üçün, hesab edirəm ki, büdcə dürüstləşməsi aparılmalıdır. Bütövlükdə, hesab edirəm ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq, ondan da çox ola bilər. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını göstərdik, öz hərbi potensialımızı göstərdik”.
Bu ilin büdcə zərfinə nəzərdə tutulan dəyişiklikləri qəzetimizə şərh edən iqtisad elmləri doktoru, professor Əli Əlirzayev deyib ki, 2023-cü ilin dövlət büdcəsinə əlavə dəyişikliklərin edilməsinin əsas səbəbi neftin dünya bazarında qiymətinin yüksək olması, eyni zamanda qeyri-neft sektorundan daxilolmaların artmasıdır: “Görünən odur ki, bu ilin 3 ayında qeyri-neft sektorundan da proqnozlaşdırılandan daha çox vəsaitin büdcəyə daxil olması müşahidə olunub. Belə ki,Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard manat çox vəsait toplanıb. Gömrük sektorunda isə proqnozdan əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur. Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıb. Əlbəttə ki, belə olan təqdirdə, büdcə dürüstləşməsi aparılmalıdır. Büdcəyə edilən dəyişikliklər xərclərin artmasına səbəb olur ki, bu da bir sıra istiqamətlərə vəsaitlərin ayrılması üçün maliyyə bazası formalaşdırır. Bu istiqamətlər əsasən prioritet sahələrdir. Prezident öz çıxışında bununla bağlı bəzi detalları açıqladı və bildirdi ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə hərbi xərclərimiz olacaq. Təbii ki, hazırda bu sahələr dövlət üçün prioritet sahələrdəndir. Azad olunmuş ərazilərin yenidən qurulmasına əlavə vəsaitin ayrılması Qarabağ və Şərqi Zəngəzurda daha qısa zamanda bərpa və yenidənqurma işlərinin aparılmasına, Böyük Qayıdış planının daha tez reallaşmasına imkan yaradacaq. Eyni zamanda, büdcəyə ediləcək dəyişikliklərdən sosial müdafiə, təhsil, səhiyyə istiqamətləri də faydalanacaq. Çünki bu istiqamətlər dövlət üçün həmişə prioritet sahələrdən olub. Bizim büdcə sənədimiz həmişə sosialyönümlü olub. Bu baxımdan gözlənilir ki, büdcəyə ediləcək əlavə və dəyişikliklərdən sonra əmək haqları, pensiya və təqaüdlər də artacaq”.