Yanvar ayının əvvəllərində Çinin Uhan əyalətində qeydə alınım, 150-dən çox ölkəyə yayılmış və artıq dünyada minlərlə insanın həyatına son qoymuş koronavirus epidemiyası öz epistentrini Asiyadan Avropaya doğru dəyişdirmişdir. 18 Martda elan edilmiş göstəricilərə əsasən Uhanda xəstəliyə yeni yoluxma və ölüm faktı qeydə alınmamışdır. Avropada və bizim regionda isə, bunun əksinə olaraq, virusa yoluxma və bu xəstəlik ucbatından ölüm halları sürətlə artmaqdadır. Bu hadisələrin fonunda diqqət çəkən məqamlardan biri də Asiyada Çindən sonra virusun ən çox yayıldığı ölkə olan Cənubi Koreyanın epidemiyaya qarşı mübarizəsi və onu xeyli dərəcədə ram etməyə müvəffəq olmasıdır.
19 Mart 2020-ci il tarixinə aid olan məlumata əsasən Koreyada 8,565 nəfərin koronavirusa yoluxduğu təsdiq olunub. Keçən dövr ərzində 1,947 nəfər karantinə alınıb və martın 19-a qədər 91 nəfər həyatını itirib. Virusun daha sonra yayılmağa başladığı bir çox ölkədən və xüsusilə İran və İtaliyadan fərqli olaraq Koreyanın statistikası çox aşağıdır. Məsələn, İtaliyada virus Koreyadan daha sonra yayılmağa başlamış, lakin buna baxmayaraq artıq 36,000 insanda virus testi müsbət nəticə göstərmiş, təxminən 3,000 nəfər həlak olmuşdur. Tək 18 martda gün ərzində 475 nəfərin həyatını itirdiyi bildirilmişdir. Bu qorxunc statistikanın fonunda Seulun virusun fəsadlarını azaltmağa necə nail olması dünya ictimaiyyətində ciddi maraq doğurur.
The Diplomat nəşrinin məlumatına görə, Koreyanın virusla qarşı mübarizəsi bu bəla ilə üzləşən digər dövlətlər üçün bir neçə vacib məqamlar ehtiva edir. Koreyada bu prosesdə iştirak etmiş bir biologiya professorunun qənatinə görə, koronavirusu məğlub etmək üçün tələb olunan ilk şərt bu infeksiyaya yoluxmuş insanların dərhal müəyyən edilməsi, onların karantinə alınması və digər insanlarla əlaqəsinin kəsilməsidir. Bu məqsədə nail olmaq üçün Koreyada dünyanın digər ölkələrində hələ ki rast gəlinməyəcək dərəcədə insanlar test edilmişdir. 18 marta qədər ölkədə 300,000-ə yaxın insan üzərində koronavirus testi aparılmışdır. Ölkədə son həftələr yaradılmış tibbi təchizat imkan verir ki, başqa heç bir ölkənin müvəffəq olmadığı sayda, gün ərzində 18,000 insan, test edilsin.
Məlumat verilir ki, daha öncəki SARS və MERS epidemiyalarından müvafiq dərslər çıxardan Cənubi Koreya oxşar hallar üçün qabaqcadan hazır olmaq üçün ciddi dövlət siyasəti aparmışdır. Bütün ölkə əhalisinin test edilməsinin mümkün olmadığı faktı virusa yoluxmuş insanların ətraf çevrəsinin müəyyənləşdirilməsi və həmin şəxslərin coğrafi kordinatları haqqında bölgə əhalisinin məlumatlandırısının əhəmiyyətini göstərmişdir. Texnologiyanın verdiyi imkanlardan yararlanan Koreyalılar bütün mobil operatorları bu prosesə cəlb edib. Belə ki, virus aşkar olunan ərazi haqqında regiondakı lokal hökumət tərəfindən mobil operatorlar vasitəsilə bölgənin sakinlərinə göndərilməsi üçün xəbərdarlıq mesajı yazılır. Bu məlumat eyni zamanda telefonlara yükləmək üçün hazırlanmış əlavələr vasitəsilə də əldə oluna bilər.
Buna görədir ki, Cənubi Koreya başqa ölkələrdən fərqli olaraq xaricilərin ölkəyə daxil olmasına total qadağa qoymağa tələsməmiş, bunun əksinə olaraq onların test edilməsi və daha sonra nəzarətdə saxlanılması metodunu tətbiq etmişdir. Ölkəyə daxil olduqdan sonra müayinədən keçən xarici ölkə vətəndaşlarından telefonlarına Özünü-Diaqnoz Əlavəsi (Self-Diagnosis App) yazmaları xahiş olunur. Bu əlavə imkan verir ki, həmin şəxslər 14 gün ərzində Koreya Xəstəlik Nəzərati Mərkəzinə səhətləri barədə məlumat göndərsinlər. Əgər bu məlumatda iki ardıcıl gün koronavirus əlamatləri aşkar edilsə, həmin şəxs təcili müayinə edilir və virus təsdiq olunduğu təqdirdə müvafiq prosedur tətbiq edilir.
Qeyd edilməlidir ki, virusa yoluxmuş xəstələrlə ünsiyyətdə olmuş insanların 14 gün ərzində ölkədən çıxışına qadağa qoyulub. Qaydalara əsasən, xəstənin koronavirus simptomları göstərməsindən bir gün əvvəldən başlayaraq, onun 2 metr daxilində əhatəsində olmuş bütün insanlara bu qayda şamil edilir. Eyni zamanda tələb olunur ki, bu insanlar 14 gün ərzində özlərini digər insanlardan təcrid etsinlər. Özünü-karantində olan insanlara dövlət tərəfindən yaşamaq üçün lazım olan bütün ehtiyaclar təmin edilir. Dövlət tərəfindən xərclərin qarşılanması eyni zamanda virus üçün aparılan testlərə və buna yoluxmuş xəstələrin müalicə proseduruna tətbiq edilir. Hətta ehtiyacı olan xarici ölkə vətəndaşlarının da müayinə və müalicəsini dövlət öz üzərinə götürür.
Bunlarla yanaşı, vurğulanmalıdır ki, yalnız dövlət proqramı epidemiya ilə uğurlu müalicə üçün kifayət etmir. Koronavirus bu baxımdan ölkələrin yaşam tərzinin və xüsusi adət-ənənələrinin fərq yaratdığını ortaya çıxardı. The Diplomat nəşri qeyd edir ki, Koreyalılar ictimai məsuliyyəti yüksək ölçüdə qavrayan və başqa insanlara zərər verməkdən ciddi yayınan insanlardır. Epidemiya ilə mübarizədə bu xüsusiyyətin çox faydalı olduğu göründü. Sorğular göstərir ki, Koreyalılar yalnız özlərini yox, eyni zamanda digərlərini qorumaq üçün maskalardan istifadə edir.
Koreyada qeyd edilən ictimai mədəniyyətə istisna təşkil edən hallar da müşahidə olunub. Belə ki, bəzi insanlar, xüsusilə yaşlılar, test və karantindən imtina edirdilər. Bu hal virusun yayılmasına təkan vermişdi. Məsələn, artıq “xəstə-31” kimi bilinən məşhur bir nümunədə 61 yaşlı bir qadın infeksiyaya yoluxmasına rəğmən testdən və karantindən imtina etmiş və sonrakı günlərdə 31 insanı virusa yoluxdurmuşdur. Bu vəziyyətin ardınca mərkəzi hökumət karantin və test qaydalarını pozmağa görə həbs qəti imkan tədbirinin görüləcəyini bəyan etmişdir.
Sonda qeyd etməliyik ki, bəşəriyyəti böyük iqtisadi-sosial fəsadlarla hədələyən koronavirus epidemiyasına qalib gəlmək üçün, dünyadakı uğurlu nümunələr dərindən öyrənilməli və müvafiq nəticələr çıxarılmalıdır. Bu baxımdan, Cənubi Koreyanın təcrübəsi əhəmiyyətli məqamlar ehtiva edir.
Elnara Qasımova