Rusiyadakı bir avtosalon Çində istehsal olunan IM LS7-lərin elektriklə işləyən lüks avtomobillərinin satışına başladığını elan edib. Xarici görünüşünə görə “Porsche Cayenne”ə bənzəyən avtomobilin qiyməti 8,9 milyon rubl, yəni 97600 dollardır.
Hafta.az-ın “Rossiyskaya qazeta”ya istinadən yazdığına görə, saatda 200 kilometrə qədər sürət yığa bilən avtomobilin gediş məsafəsi 600 kilometrdir.
Digər tərəfdən qəzetin xəbərini qiymətləndirən avtomobil mütəxəssisləri, Çində avtomobilin satış qiymətinin Rusiyadakı qiymətin yarısı olduğuna diqqət çəkib. Tvtver.ru portalı yazır ki, IM LS7 Çində 350 min yuana, yəni 4,2 milyon rubla satılıb.
Portal həmçinin Çində yığılan “Hyundai Lafesta” avtomobillərinin bu ölkədə 1 milyon 680 min rubla, Rusiyada isə 3,5 milyon rubla satıldığını bildirib. Yəni Qərblə kommersiya əlaqələrini kəsən, üzünü tamamilə Şərqə çevirən Rusiyada avtomobillər ən azı 100 faiz gəlirlə satılır.