Çin şirkəti: "Apple-ın şifrələmə sistemini sındırdıq"

09:05 12.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çində dövlət tərəfindən dəstəklənən bir şirkət Apple cihazları arasında sürətli paylaşıma imkan verən AirDrop sisteminin parolunu sındırıb.

Hafta.az-ın yazdığına görə, Pekin Bələdiyyə Ədliyyə Bürosu tərəfindən paylaşılan açıqlamada, Wangshendongjian Technology adlı şirkətin polislə əməkdaşlıq edərək AirDrop-un şifrələmə sistemini yan keçmək üçün bir üsul hazırladığı bildirilib.

Açıqlamada şirkətin şifrəli iPhone cihazı qeydlərinə daxil edildiyi və AirDrop vasitəsilə paylaşan insanların telefon nömrələrinin və e-poçtlarının ələ keçirildiyi deyilib.

Səlahiyyətlilər bu üsulla “uyğun olmayan məzmun” paylaşan bəzi şəxslərin müəyyən edildiyini bildirsə də, onların kimliyi və ya saxlanılıb-saxlanılmaması ilə bağlı məlumat paylaşılmayıb.

Açıqlamada, "texnoloji sıçrayış" olaraq xarakterizə edilən üsul sayəsində polisin "şübhəliləri daha effektiv müəyyən edə və uyğun olmayan yazıları izləyə biləcəyi" iddia edilib

“Apple” hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Apple markalı cihazlarda Bluetooth vasitəsilə işləyən parolla qorunan AirDrop texnologiyası 2022-ci ilin oktyabrında Çində başlayan hökumət əleyhinə nümayişlərdə fəallar tərəfindən də istifadə edilib. 2019-cu ildə Honq-Konqda keçirilən “demokratiya etirazları” zamanı aktivistlər bu texnologiyadan istifadə edərək senzuraya məruz qalmadan faylları paylaşdılar.

Digər tərəfdən, Amerika texnologiya nəhəngi 9 noyabrda yayımlanan iOS 16.1.1 yeniləməsi ilə Çindəki cihazlarda AirDrop texnologiyasına məhdudiyyətlər tətbiqləyib. Yenilənmənin bir hissəsi olaraq istifadəçilərin AirDrop vasitəsilə əlaqə siyahısına daxil edilməyən insanlara fayl göndərməsinin qarşısı alınıb. Sözügedən məhdudiyyət daha sonra dünyanın bütün Apple cihazlarında aktivləşdirilib.