Çində iri həcmdə qanunsuz vəhşi heyvan qaçaqmalçılığının qarşısı alınıb

21:53 09.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çinin hüquq-mühafizə orqanları qanunsuz vəhşi heyvan ticarəti ilə məşğul olan dəstənin üzvlərini saxlayıblar.

Daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyat nəticəsində qanunsuz ovlanmış 20 ton kərtənkələ müsadirə edilib. Dörd konteynerə yüklənmiş nadir kərtənkələ növü olan Tokay gekkonlarının Cənub-Şərqi və Cənubi Asiya ölkələrindən idxal edildiyi güman olunur. İlkin təhqiqat zamanı müəyyən edilib ki, qaçaqmalçıları kərtənkələ yüklənmiş yük gömrük sənədlərində başqa adla göstərilərək Çinə gətirilib. Qaçaqmalçılar təbabətdə müalicə məqsədilə istifadə olunan və Çində ikinci dərəcəli qorunan heyvan növlərindən olan Tokay gekkonlarını dərman istehsal edən bir neçə şirkətə satmaq niyyəti ilə idxal ediblər. Tokay gekkonları “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyadakı siyahıda əks olunub.

Qeyd edək ki, ötən ilin dekabrından Çində yayılan yeni tip koronavirusun Uxan şəhərində dəniz məhsulları və vəhşi heyvan bazarında satılan yarasalardan yayıldığı yəqin edildikdən sonra ictimaiyyət nümayəndələri vəhşi heyvanların qanunsuz ovlanmasına və ticarətinə qadağan edilməsini təklif ediblər. Çinin qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin fevralın 24-də keçirilmiş iclasında Çində vəhşi heyvanların qanunsuz ovlanması və ticarətini qadağan edən qanun qəbul edilib. Ondan sonra hüquq-mühafizə orqanları vəhşi heyvanların və onların orqanlarının qanunsuz ticarətinə qarşı sərt tədbirlər həyata keçirməyə başlayıblar.