Azərbaycanda uşaqpulunun verilməsi ilə bağlı məsələ vaxtaşırı olaraq gündəmə gətirilir. Bu mövzu ətrafında pandemiyadan əvvəl həm ictimaiyyətdə, həm də Milli Məclis səviyyəsində dəfələrlə müzakirələr aparılsa da, indiyədək yekun nəticə əldə olunmayıb. Sadəcə, bəzi hüquqi sənədlərdə müəyyən əlavə və dəyişikliklər edilməklə çoxuşaqlı ailələrin maliyyə yükü qismən azaldılıb.
Məsələn, Dövlət Vergi Xidmətinin məlumatına görə,Vergi Məcəlləsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Belə ki, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır. Həmçinin Vergi Məcəlləsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30 min manatadək olduqda 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Bəs, görəsən Azərbaycanda mövcud qanunvericiliklə hansı ailələr çoxuşaqlı ailə hesab olunur? Bu ailələrə hazırda dövlət tərəfindən nəzərdə tutulan güzəşt və imtiyazlar nədən ibarətdir?
Mövzu ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili hafta.az-ın sorğusuna cavab olaraq bildirib ki, qanunvericiliklə çoxuşaqlı ailələrin sosial müdafiəsi təmin olunur: “Beşdən çox uşağı olan qadınlara hər uşağa görə sosial müavinət (70 manat) verilir. Beş və daha çox uşaq doğub, yaxud övladlığa və ya qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara bu kateqoriyadan olan ailələrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası və ya sosial müavinət təyin edilir. Yəni onların müəyyən edilmiş yaş həddindən 5 il daha tez yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Həmin qadınların əmək pensiyası hüququ olmadıqda və işləmədikdə onlara yaşa görə aylıq sosial müavinət təyin edilir. Bundan əlavə, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə beş və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etmiş ataların da müəyyən edilmiş yaş həddindən 5 il daha tez yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət almaq hüququ yaranır. Bu hüquq habelə 5 və daha çox uşağı övladlığa götürüb onları 8 yaşınadək tərbiyə etmiş atalara, 5 və daha çox uşağı 8 yaşınadək tərbiyə etmiş qəyyum atalara da şaamil olunur”.