Avqustun 3-də Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirərək qanunsuz erməni silahlı birləşmələrinə ağır zərbə vurdu.
Hərbi təhlilçi Alp Arslan İmamqulu hafta.az-a açıqlamasında məsələyə Ali Baş Komandan, Prezident İlham Əliyevin bir qədər əvvəl müsahibələrin birində dediyi fikirlərə istinad edərək münasibət bildirib.
“Ali Baş Komandanın belə bir müsahibəsi olmuşdu: "Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız İrəvandır, Göyçə mahalıdır. Biz qayıdacağıq!.." .Hərbi təhlilçi mövcud durum fonunda hesab edir ki, artıq bunun zamanı gəlib. Düşmən hər tərəfdə həyasızcasına öz revanşist əməllərinə davam etməkdədir.
A.A.İmamqulu bu böyük qaydışın bir neçə mərhələdə mümkün olma ehtimallarını önə çəkib.
“Birinci növbədə ərazi daxilində qalan terrorçu qruplar tam olaraq təmizlənməlidir. Sonrakı mərhələdə Laçın yolunun bağlanması və 1920-ci il xəritəsinə müvafiq olaraq sərhədlərimizin təktərəfli şəkildə delimitasiya və demarkasiya prosesi yekunlaşdırılmalıdır. Dahasonrakı mərhələdə isə sərhədimizdə antiterror əməliyyatlarına hazır olacaq gərəkli fəaliyyətlərin tənzimlənməsi həyata keçirilməlidir. Bunları etməsək, ötən tarixdən bu günə qədər kiçilə-kiçilə gəlmiş Azərbaycan daha da çətin vəziyyətə düşə bilər”.
A.A.İmamqulu bildirir ki, 2020-ci ildə torpaqlarımızı işğaldan azad etsək də, bu gün döyüş sahəsində əldə olunmuş zəfərimizi masada, siyasi oyunlar ilə başqa istiqamətə yönləndirmək istəyənlər var.
“Azərbaycan heç bir şəkildə geriyə addım atmayacaq və atmamalıdır. Biz qüdrətli dövlətlər qurmuş, atalarımızdan miras aldığımız Azərbaycanı yenidən bərpa etmək istiqamətində addımlar atmalıyıq”.