İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Azərbaycanda bu il əldə olunan iqtisadi nəticələr, vətəndaşların sosial rifah vəziyyəti ilə bağlı atılan addımlara diqqət yetirilib. Ekspertlər səsləndirilən rəqəmlərə əsasən, Azərbaycanın sosial-iqtisadi uğurlarının davamlı olacağı qənaətindədir.
Ekspert Eyyub Kərimlinin sözlərinə görə, bu illər ərzində Azərbaycanın makroiqtisadi göstəriciləri dinamik şəkildə inkişaf edib. Təbii ki, ölkəmizin valyuta ehtiyatlarının artması, büdcə gəlirlərinin ilbəil çoxalması və ümumi daxili məhsulun artması manatın sabit qalmasına öz təsirlərini göstərir:
“Digər tərəfdən, ölkəmizin enerji potensialı və enerji resursları, həmçinin şaxələndirilmiş enerji təchizatı ölkəyə kifayət qədər valyuta axınını təmin etmişdir. Bu baxımdan, bu da manatın sabitliyinə təsir edən amillərdən biridir. Həmçinin cənab Prezident öz çıxışlarında vurğuladı ki, qeyri-neft sənayesinin artımı 6 faiz, qeyri-neft sektorunun artımı 3 faiz təşkil edib. Əlbəttə, bu da makroiqtisadi göstəriciləri, xarici ticarət dövriyyəmizdə 10 milyarda yaxın profisitin yaranması manatın sabitliyinə öz təsirlərini göstərir. Həmçinin ölkədə hazırda iqtisadi dayanıqlıq və iqtisadi sabitlik, həm siyasi sabitliyin olması manatın məzənnəsinə də öz təsirini göstərir. Yəni, bütün bu qeyd etdiyim amillər əlbəttə ki, manatın dəyərini qoruyub və ölkədə iqtisadi sabitliyi təmin edib. Eyni zamanda, bu ildən artıq cənab Prezidentin də vurğuladığı kimi, inflyasiya həddinin aşağı endirilməsi manatın məzənnəsinə və sabit qalmasına öz təsirlərini göstərir”.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə isə, regional və qlobal çətinliklərə baxmayaraq, 2023-cü ilin birinci yarısını iqtisadi və sosial baxımdan Azərbaycan üçün müsbət qiymətləndirmək olar. Nəzərə alsaq ki, qeyri-neft sektorunda 3 faiz, qeyri-neft sənayesində 6,5 faiz artım qeydə alınıb. Bu əslində artıq Azərbaycanda iqtisadi artımda qeyri-neft sektorunun drayverə çevrilməsi anlamına gəlir:
“Eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsulda payında da artımlar var. Bu da təbii ki, həm də iqtisadi diversifikasiya və iqtisadiyyatın neftdən asılılığının minimumlaşdırılması baxımından da çox vacibdir. Digər mühüm məqamlardan biri məhz bu ilin birinci yarısında Qarabağ və Şərqi Zəngəzurun qurulması ilə bağlı həm maliyyə resurslarının ayrılması, həm də intensiv işlərin həyata keçirilməsi ilə bağlıdır. Nəzərə alsaq ki, 2023-cü ilin sonunadək Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizin bərpasına 12 milyard manata yaxın vəsait ayrılacaq. Bu, əslində, son üç ildə 12 milyard manat vəsaitin ayrılması, bu istiqamətdə ciddi dövlət, maliyyə dəstəyinin həyata keçirilməsindən xəbər verir. Digər tərəfdən isə 2026-cı ilədək ayrılacaq vəsaitin həcmi 19,2 milyard manat olacaq. Bu isə ondan xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzurun qurulması Azərbaycanın fiskal siyasətində önəmli prioriteti və növbəti illərdə də bu öz prioritetliyini qoruyub saxlayacaq. Təbii ki, bu ilin birinci yarısında mühüm məqamlardan biri həm də iqtisadi islahatların davam etdirilməsi, sosial istiqamətdə 2023-cü ilin yanvarından etibarən minimum əmək haqqı, pensiya artımı, pensiyaların indeksasiya olunması və eyni zamanda bir sıra dövlət qurumlarında çalışan vətəndaşlarımızın əməkhaqlarının artırılması ilə bağlıdır. Sosial siyasət hər zaman prioriteti 2023-cü ildə dövlət büdcəsinin xərclərinin 45 faizi sosial istiqamətə yönəldiləcək. Bu da ondan xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzurun qurulması ölkəmizin hərbi gücünün daha da artırılması kontekstində, həm də sosial paketin maliyyələşdirilməsi davam edir. Ümumiyyətlə, Azərbaycan son dörd ildə çox intensiv şəkildə sosial paketlərin maliyyələşdirilməsini həyata keçirir. Bu da təbii ki, həm də fiskal siyasətimizdəki dəyişiklər, eləcə də dövlət büdcəsinə daxilolmaların artması ilə bağlı büdcə daxilolmalarında qeyri-neft sektorunun da payının artması müşahidə olunur ki, bu da insanlar üçün və xüsusən də sosial ayırmalar üçün zəmin yaradır və bütövlükdə 2023-cü ilin birinci yarısının yekunları bir daha Təsdiq edir ki, həm qeyri neft sektorunda, həm sosial, həm digər, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin bərpası, milli təhlükəsizliyimizin daha da gücləndirilməsi ilə bağlı işlər növbəti mərhələdə də davam etdiriləcək və bu, həm də iqtisadi islahatların dərinləşməsi anlamına gəlir. Biz 2022 və 2026-cı illər strategiyasına uyğun olaraq Azərbaycanda iqtisadi islahatların daha da dərinləşməsini müşahidə edəcəkyik və son dövrlərdə qanunvericiliyə edilən dəyişikliklər də bundan xəbər verir. Həm dövlət satınalmaları haqqında yeni qanunun qəbul edilməsi, həm bank sektorunda kifayət qədər böyük bir paketin təsdiqi ondan xəbər verir ki, iqtisadi islahatların dərinləşməsi bu ilin ikinci yarısı üçün də prioritet olaraq qalmaqdadır”.