“ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinin artırılması barədə qərarı 1994-cü ildən indiyədək ən böyük faiz artımı sayılır. Bunun da əsas səbəbi ondan ibarətdir ki, ABŞ-da digər ölkələr kimi qlobal miqyasda inflyasiya ciddi problemə çevrilib. Faiz dərəcəsi nədir? Faiz dərəcəsi pulun qiymətidir. Sadə dillə desək, Amerika dolların qiymətini artırır. Yəni, Amerika höküməti dolları dəyərə mindirir ki, inflyasiya aşağı düşsün. Təbii ki, dollar dəyərlənirsə, valyutalar qarşısında məzənnəsi də yüksəlməyə başlayır. Hazırda dollar səbəti üzrə dolların indeksi 105 funtdan yuxarıdır. Dollar bahalaşmağa başlayanda isə bu göstərici 92-93 idi”.
Bunu hafta.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, son il yarımda dollar dünya valyutalarına nisbətdə təxminən 15 faiz bahalaşıb: “Təbii ki, Azərbaycan manatı dollara fiksə edilib. Dollar bahalaşdıqca manat da bahalaşır. Müsbət hal odur ki, dolların bahalaşma trendi neft və qazın qiymətinin artması trendi ilə üst-üstə düşüb. Yəni, manatın məzənnəsini dəstəkləyən əsas faktor ixrac gəlirlərimizdir, tədiyə balansında profisitin olmasıdır.
Bu da əsasən, neft-qazdan formalaşır. Hazırda da dünya bazarında neft-qazın qiyməti tarixi maksimumlardadır. Bu baxımdan dolların bahalaşması manata ciddi təzyiq formalaşdırsa da, neft və qaz qiymətlərinin yüksək olması həmin təzyiqləri neytrallaşdırır. Hökümətə imkan verir ki, dollar bahalaşdıqca manatı da dollarla bir yerdə dünya valyutalarına nisbətdə bahalaşdırsın. Bunun neqativ təsirləri təbii ki, ixrac zamanı ortaya çıxır. Amma indiki məqamda höküməti əsas düşündürən ölkədəki inflyasiyanın səviyyəsidir. Əgər hökümət manatın dollara görə məzənnəsini buraxsa, inflyasiya daha da sürətlənə bilər. Necə ki, Türkiyədə hazırda 73-74 faiz inflyasiya var. Hökümət bunu istəmir.
Çünki ciddi problemlər, sosial gərginliklər ortaya çıxa bilər. Yəni, hazırda hökümət üçün əsas hədəf inflyasiyanın nəzarət altına alınmasıdır. Bu baxımdan həm neft qiymətlərinin yüksək olması, həm hökümətin inflyasiyanı nəzarətdə saxlamağı düşünməsi manatın dollara görə məzənnəsinin ucuzlaşdırılmasını hal-hazırdakı məqamda o qədər aktual etmir. Amma ki, dolların bahalaşmasının davam edəcəyi gözlənilir və əgər neft-qaz qiymətləri ucuzlaşarsa bu ciddi başağrısına çevrilə bilər. Lakin hazırda belə bir ehtimal, yəni, neft-qazın ucuzlaşması gözlənilmir. Düşünürəm ki, 2022-ci ildə də manat dollarla fiksə edilmiş rejimdə rəqsinə davam edəcək".