Gələn il sosial yönümlü xərclərin cari ilə nisbətən 1 milyard 35 milyon manat və ya 7 faiz çox olması nəzərdə tutulur. Dövlət büdcəsinin digər prioritetləri sırasında təhsil, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatı da vardır.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.
Spiker bildirib ki, Azərbaycan Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini əldə etməyə imkan yaratmışdır.
“Dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri ildən-ilə artırılır. Dövlət büdcəsinin layihəsi müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib edilmişdir”.
Spiker dövlət büdcəsində, həmçinin, sahibkarlığın inkişafına rəvac verilməsi, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin, nəqliyyat, sənaye, energetika və digər sahələrdə infrastruktur layihələrinin dəstəklənməsinin diqqət mərkəzində saxlanılacağını deyib.