Doxsan yaşlı əməkdar müəllim  

19:24 20.12.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

O insan xoşbəxtdir ki, ömrünü şam kimi əridərək  xalqına, Vətəninə sərf edir. Həyatda yaşaya-yaşaya ətrafındakıları yaşadır. Habelə Vətənə, yurda olan sevgisi onların içindən gəlir. Belə simalardan biri də Qarabağın və Ağdamın tanınmış el ağsaqqallarından biri olan hamımızın sevimlisi, Azərbaycanın Əməkdar müəllimi Səlim Əzimovdur. Artıq ömrünün 90-cı baharını arxadan qoyan Səlim müəllim özünü həmişəki kimi gümrah hiss edir. Yaxınları və dostları onun 90 illik yubileyini təntənəli şəkildə qeyd edirlər. 

 Hər birimizə həyat məktəbi olan Səlim Əzimov məşəqqətli, çətin, həm də şərəfli bir ömür yolu keçib. Səlim Əzimov 31 dekabr  1924-cü  ildə  Ağdam  rayonunun  Novruzlu kəndində anadan olub. O, qanlı-qadalı Böyük Vətən  müharibəsi illərinin  şahididir. 1954-cü ildən 2011-ci ilədək pedaqoji fəaliyyətini davam etdirib.

İşlədiyi dövrlərdə əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. 1970-1975-1980-ci illərdə iki dəfə Sosializm yarışlarının qalibi olub.

1983-1984-cü ildə “Qabaqcıl maarif xadimi”, çoxlu sayda Fəxri fərmanlar, 2007-ci ildə “Əmək veteranı” medalı ilə təltif edilib, 2007-ci ildə “Əməkdar müəllim, 2012-ci ildə “Qızıl qələm” mükafatı laueratı kimi yüksək fəxri adlara layiq görülüb.

Səlim müəllim hazırda təqaüdçüdür. O, təqaüddə olduğu müddətdə günlərini səmərəli istifadə edir. Qəlbində yurd-yuva ağrıları çəkən Səlim müəllim böyük həvəslə yazıb-yaradır. Onun son illərdə çapdan çıxmış "Müəllim ömrü", "Kamillik zirvəsi", "Yurd yeri", bu günlərdə qələmə aldığı "Həyat hekayələri” kitabları geniş oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Səlim müəllim fenomenal yaddaşı sayəsində qədim tarixə malik doğulduğu Novruzlu kəndinin bütün sahələrini işıqlandırıb, sanki bu kəndin canlı görüntülərini yaradıb. Yeri gəlmişkən qeyd edim ki, Səlim müəllim ömrünün bu ixtiyar çağında  “Həyat hekayələri” kitabını çap etdirməkdə çox lazımi, şərəfli  iş görüb. Öz içindən gələn istək, sevgi ilə  oğulluq borcundan çıxıb. Çalışıb ki, heç kim  unudulmasın və buna da tam şəkildə nail ola bilib. Bu kitab həm də keçmiş ilə indiki dövrün vəhdətindən yaranıb.

Səlim Əzimov pedaqoji təcrübəsindən Ağdam  ümumtəhsil məktəblərində çalışan gənc müəllimlər bəhrələnirlər. Ömrünün bu çağında da özünü gümrah, cavan oğlan kimi hiss edən Səlim müəllim olduqca səmimi və xeyrixah adamdır. Çalışır ki, hamıya yaxşılıq etsin, insanların qəlbinə girsin, onlara xoş ovqat bəxş edə bilsin. Səlim müəllimin müdrikliyi ondadır ki, öz içindən gələn enerjisini hamı ilə bölüşə bilir. Baxmayaraq, bu ahıl çağında köçkün həyatı sürür, amma həyata nikbin baxır. İnanır ki, tezliklə  doğma Qarabağımız yağı düşmən tapdağından azad ediləcək. Ona görə ki, Azərbaycanın güclü iqtisadi gücə malik dövləti,  uzaqgörən, müdrik Ali Baş Komandanı, güclü ordusu var.