Döymə etdirənlər daha çox gənclərdir

15:33 30.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Döymə insanların kəşf etmiş olduğu ən qədim ünsiyyət vasitələrindən biridir. Bəzilərinə görə, təhlükəli bir dəstənin, bəzilərinə görə üsyanın, kimisinə görə isə sevginin əlamətidir. Döymə üslublarına baxdıqda görürük ki bu, ilk vaxtlar bir növ insan damğası kimi də istifadə olunub. İlk döymənin Peruda (Cənubi Amerika) yaşayan bir qəbilə tərəfindən istifadə edildiyi təxmin edilir.

Hafta.az-ın əməkdaşı döymələrlə bağlı araşdırma apardı.

Nəzərinizə çatdıraq ki, hazırda ölkəmizdə daha çox gənc nəsil döymələrə olduqca həvəslidir. Ancaq yaşlı nəsil nənə və babaların da əl-qolunda müxtəlif naxışların olduğunu görürük. Bundan başqa, tatuların qiyməti ölçü və formasına görə dəyişir. Döymə üçün ilkin qiymət isə 30 manatdan başlayır.

Mövzu ilə bağlı müsahibimiz 10 ilə yaxındır ki, döymə peşəsi ilə məşğul olan V. Zeynalovdur. O bildirir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirdikdən sonra, təxminən, 10 ilə yaxındır tatu işindədir. Hazırda çoxlu sayda məşhur müştəriləri də var:

“Bu günə qədər uğursuz işim olmayıb. Bəzi hallarda müştəriləri tatudan çəkindirməyə çağırmışam. Həmin işi görməkdən imtina etmişəm. Bilirəm ki, 1 il sonra həmin insan o döyməyə görə peşmançılıq hissi keçirəcək”.

Həmçinin müsahibimiz müvəqqəti tatular olmadığını, dəri altına vurulan heç bir mürəkkəbin silinmədiyini vurğuladı:

“Müvəqqəti yapışqanlar olur. Dəri altına vurulan heç bir mürəkkəb silinmir. Silinsə belə bu, lazer şüası ilə həyata keçirilir”.

Mütəxəssis deyir ki, tatu üçün müraciət edənlər daha çox 25-30 yaş arası gənclərdir. Bundan başqa hazırda daha çox tələb olunan simvollar naxışlar və adlardır.

“Ancaq bəzən 45-50 yaşlı insanlar da döymə üçün müraciət edirlər. İndi elə bir zamandir ki, ata öz qızını, yaxud oğlunu gətirir. İndi daha çox bəylər xanım adları, xanımlar da bəy adlarını döymə etdirirlər. Vətən müharibəsindən sonra, müharibə iştirakçıları döyüşdə olduqları və yaxud yaralandıqları tarixi bədənlərinə həkk etdirirlər”.

Ustanın dediklərindən belə qənaətə gəldik ki, tatu etdirənlər daha çox gənc nəslin nümayəndələridir. Bəs görəsən, bu ağrılı prosesə gənclər niyə xoşa-xoşluqla razı olur? Onları tatu etdirməyə nə vadar edir?

Bu mövzuda yaranmış suallarımızı psixoloq Gülnar Orucova cavablandırdı. O söylədi ki, tatu qədim Misir dövründən bu yana öz aktuallığını qoruyub saxlayır. Sadəcə olaraq indi tatu etdirən təbəqələr dəyişib:

“Əvvəllər xanımlar döymə etdirməzdi. İndi daha çox yeniyetmələr tatuya maraqlıdır. Döymə etdirən yeniyetmələr arasında aparılan sorğudan məlum olub ki, onların 25 faizi bunu niyə etdirdiyinin səbəbini bilmir. Bəzən insanlar fərqli və ya dəbli görünmək, yaşıdlarından seçilmək üçün tatu etdirə bilirlər. Döymə keçmişdə olan xatirəni əbədiləşdirmək üçün də istifadə edilir. Ümumiyyətlə isə tatu orqanizmə zərərlidir. Din də bizə tatu etdirməyi məsləhət görmür. Ovuciçinə və ayaqaltına edilən tatular insanın sinir sisteminə birbaşa zərər vura bilər. Tatu olan zaman orqanizmdə kimyəvi reaksiyalar gedir. Bu xəstəliklərin keçməsi ehtimalını da artırır”.

Psixoloqun sözlərinə görə, edilən bütün döymələrin altında müxtəlif psixoloji səbəblər var:

“Əvvəllər narkotik maddə və spirtli içki aludəçiləri, həmçinin məhbuslar tatu etdirərdi. İndi isə 16-18 yaş arası yeniyetmələr, idmançılar və dəblə ayaqlaşmaq istəyən qlamur xanımlar. Xanımların görünən nahiyəyə döymə etdirməsi diqqət çəkmək istəyindən irəli gəlir. İnsan bəzən duyğuların təsirinə düşür və döymə etdirməyə başlayır. Məsləhət görürəm ki, insan tatu etdirməzdən öncə mütləq şəkildə psixoloqa müraciət etməlidir. Qərar verməzdən öncə "Nə üçün?", "Hansı məqsədlə?" kimi suallarının cavabını axtarın”.