Dünya ən ölümcül xəstəliklə qarşı-qarşıya - Araşdırma

14:45 02.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası ilyarımdır dünyada sözün əsl mənasında fəlakət yaradıb. Son vaxtlar qlobal miqyasda aşılanma prosesi getdiyi üçün pandemiyanın yayılması bir az səngimiş kimi görünür, əlbəttə hələ son deyil.

Virus yayılma arealını sadəcə bölgələrə görə dəyişir ki, bu da aşılanma prosesinin nəticələri ilə qarışıb, bəşəriyyəti aldadır. Niyə? Ona görə ki, əvvəllər virusun yayılma təhlükəsi o qədər də çox hiss olunmayan Hindistan, Nepal, Banqladeş, Şri-Lanka, üzü Sakit okeana doğru Tailand, Filippin, Malayziya və sair ölkələr hazırda virusun geniş yayıldığı təhlükəli bölgəyə çevrilib. Özü də yalnız koronavirus adı ilə qalmayıb, həm yeni ştammı ortaya çıxarıb, həm də hazırda dünyanı çox qorxudan tamamilə fərqli bir xəstəliyi – söhbət “qara göbələk” xəstəliyindən gedir.

Sürətlə yayılan öldürücü virus

“Qara göbələk” (mukormikoz) xəstəliyi də çox sürətlə yayılan və 50 faiz öldürücü xüsusiyyətə malik, sağalanları da şikəst buraxan dəhşətli xəstəlikdir. Hazırda koronavirusun caynaqlarında qalmış Hindistanda sürətlə yayılmağa başlayan bu xəstəliyə yoluxanların sayı 13 minə, xəstəlikdən ölənlərin sayı isə 210-a yüksəlib. Hindistan Səhiyyə Nazirliyi bildirib ki, hazırda ölkənin 29 ştatında bu xəstəlik epidemiya halını almaqdadır. Xüsusilə də bu ölümcül xəstəlik ilk meydana çıxdığı Qucarat (2900 xəstə) və Maxaraştra (2800 xəstə) ştatlarında daha təhlükəli həddə çatıb.

İndore şəhər xəstəxanasının dərman departamentinin rəhbəri, doktor Pandey “BBC İndia”ya açıqlamasında deyib ki, bu virusa yoluxan xəstələrin 80 faizinin təcili əməliyyat edilməsi lazımdır. “Xəstəxananın nəzdində “qara göbələk”ə yoluxmuş xəstələrin müalicəsi üçün 200 yataqlı əlavə 11 mərkəz yaradılıb. Xəstə sayında belə sürətli artımı ağlımıza belə gətirməzdik. Bir həftə içində yoluxma sayında 23 dəfə artın qeydə alınıb. Hansı ki, əvvəlki vaxtlarda bir ildə cəmi 1 və ya 2 insanın bu xəstəliyə tutulduğunu görərdik”, –  cənab Pandey deyib.

Məlumata görə, artıq Hindistanda “qara göbələk” xəstəliyinə qarşı vacib dərmanların çatışmazlığı əndişəsi yaranıb. Bu ilədək lazımi iynə-dərmana tələbat az olduğundan, istehsal səviyyəsi də çox aşağı idi. İndi isə nəinki istehsalı artırmaq, hətta bəzi dərmanların təcili idxalı zərurəti meydana çıxıb. Xüsusilə də iynə vasitəsilə orqanizmə yeridilən “Amphotericin B”. Bu dərman koronavirusun müalicəsində də istifadə edildiyi üçün çətin tapılır. Ona görə də “Amphotericin B” flakonları hər ştatın tələb etdiyi sayda paylanılır.

Xəstələrin gözü çıxarılır

“Qara göbələk” xəstəliyinin ən pis xüsusiyyətlərindən birincisi odur ki, virus ilk olaraq gözlərə dolur və orada inkişaf edərək çox sürətlə orqanizmin hər yerinə yayılır. Bu halda isə həmin xəstənin mütləq əməliyyat olunması və zədələnən gözün çıxarılması lazımdır. Məsələn, Munbaydakı üç xəstəxanada göz cərrahı işləyən doktor Akşay Nair deyir ki, əvvəlki iki ildə “qara göbələk” virusuna yoluxmuş cəmi 10 xəstəsi olduğu halda, indi yalnız son bir ay ərzində 40 nəfərin gözlərini əməliyyat edib və onlardan 11 nəfərinin gözlərini kəsərək çıxarıb.

“Business Insider”ə danışan doktor Nair deyib ki, “qara göbələk” epidemiyasını, necə deyərlər, fitilləyən məhz COVID-19-dur. Elə bu virusa yoluxanların da böyük əksəriyyəti məhz koronavirusdan sağalanlardır. Üstəlik, şəkər xəstəliyi olanlar bu virusun ən asan ələ keçirdiyi ovlardır.

Doktor bildirib ki, apardığı araşdırmaya əsasən “qara göbələk” xəstələrinin əksəriyyəti koronavirusdan iki həftə əvvəl sağalan şəxslərdir. Koronavirus orqanizmin immunitetini o qədər aşağı salır ki, insanlar asanlıqla adıçəkilən xəstəliyə tutulurlar. “Pis xəbər odur ki, əgər koronavisun öldürücülük gücü 100-dən 2 faizdirsə, “qara göbələk”in öldürücülük gücü 100-ə 50 faizdir”, -  doktor Nair söyləyir.

Bu arada, “qara göbələk” xəstəliyi nadir hallarda görünsə də, əvvəllər olduğu üçün müalicəsində istifadə edilən dərmanlar mövcuddur. Yetər ki, insan bu virusa yoluxduğunu vaxtında hiss edə və anında xəstəxanaya müaricət edə. Xəstəliyin müalicəsində əsasən steroid tipli dərmanlardan istifadə olunur. Steroid dərmanlar ağ ciyərlərin zədələnməsini önləyir və üstəlik, insanlarda orqanizmin zərərverici virus və mikroblara qarşı dayanıqlılığını artırır. Hazırda koronavirusa yoluxmuş xəstələrin müalicəsində də məhz steroid dərmanlar geniş şəkildə tətbiq edilir.

“Qara göbələk” nədir, əlamətləri necədir?

Ümumiyyətlə, haqqında söz açdığımız “qara göbələk” xəstəliyi nədir, bəlirtiləri nədir, müalicəsi necə gedir? Türkiyədən Avicenna Kartal Umut Xəstəxanasının doktoru Sərtaç Sevərin sözlərinə görə, təbabətdə çox nadir görünən “qara göbələk” xəstəliyinin elmi dildə adı “mukormikozis”dir. “Bu xəstəlik birmənalı şəkildə immuniteti zəifləmiş insanlara bulaşır. Nadir göründüyü deyilsə də, dövlətlər əvvəlcədən diqqət yetirməsələr, bu xəstəlik qısa zamanda epidemiyaya çevrilə bilər. Hindistanda bunun şahidiyik. Bu vaxt xəstəxanalarda çarpayı çatışmazlığı yaranır, yataq-mələfə, yapışqan bezlər, su çatışmazlığı, havalandırma sistemlərinin olmaması və ya yaxşı çalışmaması, steril olmayan tibbi cihaz və avadanlıqlar və sair xəstəliyin geniş yayılmasına şərait yaradar”, -  doktor S.Sevər bildirir.

“Qara göbələk” xəstəliyinin əlamətləri nədir? Bu xəstəlik zədələdiyi orqanlara görə fərqli şəkildə özünü göstərir. Hazırda Hindistanda yayılan xəstəlik “rinocerebral” (burundan daxil olan) növdür.  Xəstəliyə yoluxan şəxslərdə, adətən, yüksək hərarət, öskürək, sifət nahiyəsində şiddətli ağrılar, gözlərdə şişmə və göz yuvalarının çölə meyillənməsi, sinuslar üzərində qızartı, bir az da irəlilədikdə qanla müşayiət olunan öskürək, nəfəs darlığı, qanqusma, qarında və sinədə küt ağrılar, halsızlıq, şüurda zəifləmə, yuxululuq və birdən-birə yuxunun pozulması halları özünü qabarıq şəkildə göstərməyə başlayır. Bundan başqa, əgər virus dərini zədələyirsə, bu zaman dəridə qızartı və həmin nahiyədə maye toplanması görülür. Qısa vaxtda qızaran yerdə toplanan su axmağa başlayır və olduqca şiddətli ağrılar yaranır, zədələnən nahiyə qaralır və ağac kimi bərkiyir…

Müalicəsi varmı?

“Qara göbələk” xəstəliyinin müalicəsində bəzi detallara fikir verilir. Bunlar nədir? İlk növbədə xəstə özündə narahatlıq hiss edər-etməz xəstəxanaya getməli, diaqnoz budursa, anında müalicəyə başlanılmalıdır. Üstəlik, həmin insanda yan xəstəliklər aşkarlanmalıdır ki, ona görə müalicə aparılsın. Şəxslərin cərrahiyyə yolu ilə sağalma ehtimalı yüksəkdir.

Koronavirus pandemiyasından ilyarımdır əziyyət çəkən insanları bu gün bir sual düşündürür: “qara göbələk” yoluxucudurmu və hansı şəraitdə yoluxur? Bu xəstəliyin insandan-insana və ya heyvandan insane yoluxması haqda ciddi sübutlar yoxdur. Alimlərin fikrincə, bu xəstəliyin virusları əsasən çürüntülü torpaqda, çürüyən bitki kütləsində və heyvan peyinində gizlənir. Təbii ki, insan həmin qeyd olunan kütlələrlə təmasda olarsa xəstəliyə yoluxar. Üstəlik, “qara göbələk” virusları havada da uçuşur və nəfəs yolu ilə orqanizmə daxil ola bilər. Xəstəliyin xüsusilə yazda və payızda daha geniş yayıldığı isbatlanıb. 

Ötən illər ərzində bu xəstəlik daha çox xərçəng xəstələrində və nəzarətsiz şəkər xəstələrində daha çox görünüb.

Necə qorunaq?

Bəs bu xəstəliyə yoluxmamaq üçün insanlar nə etməlidir? Yuxarıda da qeyd etdiyimiz kimi, bu xəstəlik insanlarda nadir görünür. Sadəcə, koronavirus insanlarda immuniteti ifrat dərəcədə aşağı saldığı üçün xəstəlik bu il daha geniş yayılıb. Xüsusilə də Hindistanda koronavirusdan müalicə olunan xəstələr yüksək dozada kortizon qəbul edir deyə, bədən zəifləyir, xərçəng və digər immuniteti aşağı salan xəstələrdə də həmçinin “Qara göbələk” daha asan yayılır. Bu xəstələrin venasına “Amfoterisin B” kimi göbələk əleyhinə antibiotiklər yeridilir. Əgər xəstəlik sürətlə qana bulaşıb beyin kimi əsas orqanlara yayılırsa, o zaman damaq nahiyəsində, gözlərdə problem yaranırsa, göz yuvasında cərrahi əməliyyat aparılır və təbii ki, göz kəsilib götürülür.

Bu arada, “sarı göbələk” kimi də bir növ var ki, onun virusları ancaq ilanlarda olur. Məsələn, Hindistanda bu növ virusa yoluxan 45 yaşlı bir kişini müalicə edən doktor Tyagi deyib ki, “sarı göbələk” ən qorxulusudur və müalicəsi “qara göbələk”də olduğu kimi, amma daha uzun müddət aparılır. Bu növə yoluxan adamlarda bədəndə uyuşma və iştahın kəsilməsi kimi əlavə simptonlar da özünü göstərir.

Məlumata görə, bu xəstə koronavirusdan müalicə olunurmuş. Birdən-birə gözləri şişməyə başlayır və iki gündən sonra tamamilə tutulur. Bunun ardıyla da xəstənin burnundan qan gəlir və sidiyini saxlaya bilmir - yerini isladır. Həkimlər duyuq düşür və təcili o, xüsusi şöbəyə köçürüülr…

Epidemiya dünyaya yayılır

Bu arada, “qara göbələk” xəstəliyi də koronavirus kimi Hindistanın sərhədlərini aşıb fərqli regionlara yayılıb. Mançester Universitetinin professoru David Denningin sözlərinə görə, az sayda da olsa, bu virusa yoluxmuş xəstələr hazırda İngiltərə, ABŞ, Fransa, Avstriya, Braziliya və Meksika mövcuddur. Amma sayları o qədər azdır ki, bu barədə səs-küy salmağa qətiyyən ehtiyac duyulmur.

Professor Denninginin sözünə qüvvət, Hindistanda yayılan sözügedən xəstəlik artıq İraqda da görülüb və hətta burada bir nəfərin ölümünə səbəb olub. Belə ki, İraqın cənub şəhəri olan Nasiriyyədə bir nəfərin ölüm səbəbləri araşdırılır və ona “qara göbələk” diaqnozu qoyulur. Bu fakt İraqda o qədər ciddi qarşılanıb ki, diaqnoz barədə ilkin açıqlamanı ölkənin Baş Səhiyyə qurumunun rəhbəri Səddam ət-Tavil şəxsən verir.

Virus İraqdan sonra Misirdə və Banqladeşdə də yayılmağa başlayıb. Məlumata əsasən, artıq Banqladeşdə bu xəstəliyə tutulan 65 yaşlı sakin vəfat edib. O, koronavirusdan yenicə sağalıbmış, amma güclü şəkər və böyrək çatışmazlığı səbəbindən xəstəxanada müalicəsini davam etdirirmiş. Misirə gəlincə, 110 milyon nəfər əhalisi olan bu ölkədə, mütəxəssislərin fikrincə, “qara göbələk”ə yoluxanların sayı o qədər azdır ki, heç kim narahat olmur. Bir neçə yoluxma halı qeydə alınıb, onlar da vaxt itirmədən müalicəyə cəlb edilib.

Oxunma sayı 5997
Gündəm rubrikasından digər xəbərlər