Kanadalı tədqiqatçılar belə qənaətə gəliblər ki, dünyada ən çox plastik çirklənməsinə səbəb olan məşhur brendlər Coca Cola və PepsiCodur.
Hafta.az-ın yazdığına görə, Kanadanın Dalhousie Universitetinin tədqiqatçıları dünyada ən çox plastik çirklənməsinə səbəb olan markaları araşdırıblar.
“Science Advances” jurnalında dərc olunan araşdırma 2018-2022-ci illər arasında 84 ölkədən plastik çirklənmə yoxlamaları və məlumatlardan istifadə etməklə hazırlanıb.
Araşdırmada tədqiq edilən tullantıların az qala yarısının "hansı şirkətin istehsal etdiyi"nin bəlli olmadığı bildirilərkən, mənbəyi müəyyən edilən tullantılarda Coca Cola 11 faiz və PepsiCo 5 faiz plastik çirklənməyə səbəb olan dünyaca məşhur markalar olaraq qeyd edilib.
Plastik çirklənməsinə səbəb olan qlobal brendləri sırasıyla hər biri 3 faizlə Nestle və Danone, 2 faizlə “Altria” izləyir. Bu şirkətlər müəyyən edilmiş tullantıların demək olar ki, 25 faizini təşkil edir.
"Bu şirkətlər dünyanın ən böyük şirkətlərindəndir və onların dünyanın hər bir ölkəsinə çıxışı var" deyə tədqiqatçı Toni Ualker bildirib.