“Son zamanlar dünyada kosmik resursların bölüşdürülməsinə diqqət kəskin şəkildə artıb. Hesab edirəm ki, 2022-ci ildə Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi ciddi bir hadisə olacaq. Çünki əvvəllər Beynəlxalq Astronavtika Federasiyasına kosmik ölkələr və elmi-tədqiqat yönümlü qurumlar qəbul edilirdisə, indi burada kosmik biznesin çəkisi artmaqdadır. Məsələn, Elon Musk və Ceff Bezons kimi nəhənglər bu sahəyə milyardlarla yatırımlar edirlər və konqresin işində aktiv iştirak etməyə başlayıblar”.
Bu fikirləri hafta.az-a Azərbaycan İnternet Forumun Prezidenti Osman Gündüz bildirib.
Ekspert vurğulayıb ki, tədbirin Bakıda keçirilməsi təcrübə mübadiləsi və yeni birgə kosmik layihələr üçün çox faydalı platforma olacaq:
“Artıq bizdən 3 qurum, “Azərkosmos”, Şamaxı Rəsədxanası və Milli Aerokosmik Agentliyimiz federasiyanın üzvüdür. Beləliklə, 2 ildən sonra ölkəmizə 70-dək ölkədən dünyanın 5-6 min nəfərlik kosmos ailəsinin üzvləri gələcək. Ola bilər ki, "SpaceX" şirkətinin CEO-u Elon Musk və “Amazon” şirkətinin təsisçisi və CEO-su, "Blue Origin"in rəhbəri, dünyanın ən zəngin insanı Ceff Bezos da Bakıda keçiriləcək Astronavtika Konqresinə qatılsın”.
Ekspert onu da qeyd edib ki, son illər Azərbaycan İKT-nin müxtəlif sahələrində uğurlu inkişafı və yürütdüyü siyasəti ilə dünyada və regionda əhəmiyyətli iştirakçıya çevrilərək ayrı-ayrı ölkələrin və beynəlxalq səviyyəli şirkətlərin diqqətini özünə cəlb edə bilib:
"Telekommunikasiya peykinin istehsalı, orbitə çıxarılmasından sonra xarici investorların da bu cür layihələrin maliyyələşdirilməsinə cəlb edilməsi, beynəlxalq kreditlərin ölkəyə axını üçün geniş şərait yarandı. Kosmik sənayenin yaradılması həm də neft-qaz sektorundan sonra İKT sahəsində də biznes mühitinin formalaşması baxımından Azərbaycanın müsbət imic qazanmasının nəticəsi kimi qiymətləndirilməlidir. Çünki peyk sistemlərinin yaradılması, telekommunikasiya peykinin istismara verilməsi Azərbaycanın beynəlxalq nüfuzuna müsbət təsir göstərir. İndi bütün dünya bilir ki, hazırda Azərbaycan MDB regionunda telekommunikasiya peykinə sahib olan 3 ölkədən biri, Qafqaz regionunda isə yeganə ölkədir”.