Məlum olduğu kimi, Telegram-ın rəhbəri Pavel Durov Parisdə saxlanıb və bu gün o, hakim qarşısına çıxacaq. O, rəhbəri olduğu sosial media platformasının Avropa İttifaqı qanunlarına uyğun fəaliyyət göstərdiyini bildirib. Həmçinin vurğulayıb ki, Telegram-ın məzmun moderasiyası siyasətləri sənaye standartlarına uyğundur və daim təkmilləşdirilir.
Hafta.az-ın yazdığına görə, Telegram-da qeyd edilib ki, Durovun gizlədə biləcəyi heç nə yoxdur və tez-tez Avropaya səyahət edir. Ona görə də, vəziyyətin qısa zamanda düzələcəyinə inanırlar.
Maraqlıdır ki, rəsmi Paris Durova qarşı üstüörtülü siyasi ittiham irəli sürdüyü halda, X-in sahibi İlon Mask onu dolayısı yolla dəstəkləyib. Mask bildirib ki, o, Meta şirkətinin rəhbəri Mark Zukerberqin də (Facebook, Instagram, WhatsApp-ın sahibi) Durovun saxlandığı kimi Avropada saxlanılmayacağına inanır.
Mask mesajında “Çünki o (Zuckerberg) artıq senzuranın təzyiqinə boyun əyib. İnstagram-ın uşaq istismarı ilə bağlı böyük problemi var, lakin Zuckerberg azad sözə senzura tətbiq etdiyinə və hökumətlərə istifadəçi məlumatlarına gizli giriş imkanı verdiyinə görə həbs olunmayacaq" deyib.
Bu arada onun yaxınları Baza Telegram kanalına açıqlamasında bildiriblər ki, Fransada həbs olunarkən Telegram qurucusu Pavel Durovla birlikdə olduğu iddia edilən bloger və kriptovalyuta mütəxəssisi Yuliya Vavilova ilə əlaqə saxlamaq mümkün olmayıb.
Durov və Vavilova münasibətlərini reklam etmədilər, lakin qızın İnstaqramdakı mesajlarına görə, bu yay onlar, eyni vaxtda eyni ölkələrə səfər ediblər. İkili eyni tarixləri Qazaxıstan və Azərbaycanda keçirib.
Vavilovanın yaxınlarından Baza bildirib ki, gənc qız iki gün əvvəl anası ilə danışıb və avqustun 25-də anası qızı ilə telefonla əlaqə saxlaya bilməyib. Atası qızı ilə sonuncu dəfə ad günündə - avqustun 2-də əlaqə saxladığını və onun Fransaya getməyi planlaşdırdığını deyib.
“Mash telegram” kanalı da 39 yaşlı Durovu 24 yaşlı Vavilovanın müşayiət etdiyini təsdiqləyib. Cütlük Dubayda "Seven" fitness klubunda birlikdə görüntülənib.
Xatırladaq ki, avqustun 24-də Telegram-ın yaradıcısı Pavel Durov Fransanın Le Burje hava limanında saxlanılıb. İddia olunur ki, Durov Fransa hakimiyyəti tərəfindən narkotik alveri, terrorizm, uşaq istismarı və fırıldaqçılıq ittihamları ilə əlaqələndirilir və onun Telegram-da istifadəçi məlumatlarını paylaşmaqdan imtina etməsi bu ittihamların əsasını təşkil edir. Bildirilir ki, Durov təqsirli bilinərsə, o, 20 ilədək həbs cəzası ala bilər.
RBC-nin məlumatına görə, Fransa vətəndaşlığı da olan Durov saxlanıldıqdan sonra hakim qarşısına çıxarılacaq və onun həbs müddəti 96 saata qədər uzadıla bilər. Bu müddətin sonunda ya ittihamlar irəli sürüləcək, ya da Durov azadlığa buraxılacaq. Ancaq bunun Telegram üçün ciddi nəticələri ola bilər. Durovun yoxluğu şirkətin idarəetmə və maliyyə proseslərində pozulmalara səbəb ola bilər ki, bu da potensial olaraq Telegram-ın iqtisadi sabitliyinə xələl gətirir.
Durovun saxlanmasından sonra Telegram kriptovalyutası Toncoin dəyərinin 15 faizni itirib. İnvestorlar arasında da mənfi atmosfer var, çünki bu hadisənin Telegram-ın potensial kütləvi təklifini (IPO) gecikdirə biləcəyi düşünülür. Bundan əlavə, Durov uzunmüddətli həbs cəzasına məhkum edilərsə, IPO-nun reallaşması daha da çətinləşə bilər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həbs xəbərinin yayılmasından sonra Telegram-da yazıb və Qərb insan haqları təşkilatlarının Durovun saxlanmasına qarşı səslərini ucaltmayacağını sual edib. Zaxarova 2018-ci ildə Telegram Rusiyada qadağan edilən zaman eyni təşkilatların necə reaksiya verdiyini də xatırladıb. Bu arada, bir çox Rusiya rəsmiləri də Durovun həbsinə reaksiya verib. Rusiyanın Fransadakı səfirliyi belə bir qərar qəbul edərkən Fransanın onlarla əlaqə saxlamadığını bildirib.
Durovun saxlanmasını çoxları ifadə azadlığına zərbə kimi qiymətləndirir. Lakin bəziləri bunu cinayətkarlıqla mübarizədə mühüm addım hesab edir.
Bu arada "Nezavisimaya qazeta"da dərc olunan təhlildə "Pavel Durovun Fransada həbsi Qərb kəşfiyyat xidmətlərinin Telegram-ın şifrələmə açarlarına çıxış əldə etməsinə səbəb ola bilər. Bu vəziyyət həm Telegram-ın, həm də Rusiyanın gələcəyi üçün böyük təhlükə yarada bilər. Telegram-ın şifrələmə açarlarını heç kimə vermədiyini dəfələrlə bəyan edib, lakin bu həbs siyasi danışıqların bir hissəsi kimi qiymətləndirilə bilər” deyilir.
Məqalədə "Fransa hakimiyyətinin Durova qarşı ittihamlarının arxasında Rusiyanın Ukraynadakı müharibəsinə qatılanların Telegram-dan istifadə etməsi və Fransanın NATO müttəfiqi kimi bu vəziyyətə dözə bilməməsi dayana bilər. Bundan əlavə, Telegram Avropada bu səbəbdən qadağan edilib. Şikayətlər və təzyiqlər həbs prosesini sürətləndirmiş ola bilər. Durovun həbsi internet sahibkarları ilə dövlətlər arasındakı əlaqələrdə yeni bir dövrün başlanğıcı olacaq. Telegram kimi geniş istifadə edilən bir platformanın qurucusu peşə fəaliyyətinə görə saxlanılır" yazılıb.
Sonda onu da qeyd edək ki, “Forbes” jurnalının məlumatına əsasən, Durov Rusiya ilə yanaşı Fransa, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Sent Kitts və Nevis vətəndaşıdır. Amma o, əsasən BƏƏ-də yaşayır.