Ermənistan tərəfi üçtərəfli razılaşmadan (10 noyabr) əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha bir neçə hərbçisinin adını açıqlayıb.
Virtualaz.org erməni saytlarına istinadən bildirir ki, yeni siyahıda 51 nəfərin adı var.
Qeyd edək ki, Ermənistanın Qarabağdakı döyüşlərdə verdiyi itkilər hələ də tam açıqlanmayıb, rəqəmlər ictimaiyyətdən gizlədilir. Erməni KİV-lərində müxtəlif ziddiyyətli məlumatlar yayılmaqdadır. Məsələn, dünən Ermənistanın səhiyyə nazirliyi Qarabağ döyüşlərində 2317 hərbçinin məhv edildiyini açıqlayıb. Nazirliyin rəsmisi Alina Nikoqosyan bildirib ki, indiyədək tibbi ekspertiza 2317 cəsədi müayinə edib, onların arasında kimliyi məlum olmayanlar da var. Nikoqosyan cəsəd mübadiləsinin yeni başladığını xatırladıb, bu isə o deməkdir ki, ermənilərin itkisi daha da artacaq.
Ondan əvvəl Ermənistan müdafiə nazirliyi rəsmi olaraq 1383 hərbçisinin öldüyünü açıqlamışdı. Ölkənin Vatikandakı keçmiş səfiri Mikayel Minasyan isə Ermənistanın itkilərinin 4750 nəfər olduğunu bəyan edib.