Əkin sahələri üçün suvarma qrafiki necə təşkil olunur?

17:56 11.06.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində suvarma qrafiki bölməsi yaradılıb. Vətəndaş həmin bölməyə keçid etməklə şəxsiyyət vəsiqəsinin fin kodunu daxil edir və onun ərazisinə suyun hansı qrafikdə veriləcəyi barədə məlumat alır. Bu proses yeni başlayıb və hazırda müvafiq qurumlardan bizə məlumatlar daxil olmaqdadır. Yeni məlumatlar daxil olduqca sistemdə öz əksini tapır”. Bunu hafta.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Qurum rəsmisi qeyd edib ki, suvarma qrafikləri su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında tərtib olunmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsalçılarının suvarma suyu ilə təchizatının yaxşılaşdırılmasına xidmət edir: “Ölkə ərazisində su ehtiyatları qeyri-bərabər paylandığından bəzi ərazilər vaxtında suvarıla bilmirdi. Bu da istər-istəməz məhsuldarlığa öz təsirini göstərirdi. Buna görə də digər müvafiq qurumlarla aparılan məsləhətləşmələrdən sonra belə qərara alındı ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün suvarma qrafiki tərtib olunsun. Bu addım bütün fermerlərin suvarma suyu ilə təchizatının yaxşılaşdırılmasına xidmət edir”.

Hazırda hansı bölgələrdə daha çox su qıtlığının müşahidə olunduğuna gəlincə,

qurum rəsmisi bildirib ki, bu il ümumiyyətlə ölkə ərazisində quraqlıq olub: “Bu proses bir təbiət hadisəsidir. Quraqlıq təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində müşahidə edilir. Amma təxminən 3 aydır rayonlara gedib-gəldiyimdən şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, ən çox suvarmaya ehtiyac olan ərazilər Aran rayonlarındadır. Yəni, Aran rayonlarında su qıtlığı məsələsi var”.

Məlumat üçün  xatırladaq ki, ötən həftə Kənd Təsərrüfatı Nazirliyi və "Meliorasiya və Su Təsərrüfatı" ASC suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə birgə məlumat yayıb. Həmin məlumatda bildirilib ki,

ölkə ərazisində mövcud su qıtlığı və su anbarlarında yaranmış vəziyyət suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etməyi tələb edir. Suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadə üçün bu sahədə bütün maraqlı tərəflər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalçıları cəlb edilməklə suvarma qrafikləri tərtib olunmalı və sudan istifadə həmin qrafiklər əsasında həyata keçirilməlidir.Odur ki, bütün kənd təsərrüfatı məhsullarının istehsalçılarından fəaliyyət göstərdikləri inzibati ərazi üzrə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM), Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli bölmələrinə və Sudan İstifadəedənlər Birliklərinə (SİB) müraciət edərək suvarma qrafiklərinin tərtib olunmasında fəal iştirak etmələri tələb olunur.

Suvarma qrafiklərini kənd təsərrüfatı məhsullarının istehsalçıları imzaladıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzləri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli bölmələri və Sudan İstifadəedənlər Birlikləri təsdiq edir. Təsdiqlənmiş suvarma qrafikləri Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında (www.agro.gov.az/qrafik) inzibati ərazi vahidləri üzrə qruplaşdırılaraq yerləşdirilir. Suvarma qrafiki həmin internet saytında yerləşdirildikdən sonra tətbiq edilir.

Yeri gəlmişkən, indiyədək suvarma qrafikini imzalayan kənd təsərrüfatı məhsulları

istehsalçılarının və əkin sahələrinin sayı aşağıdakılardır:

Əkin Sahələri - 180329

Fiziki şəxslər – 74278

Hüquqi şəxslər – 516

Məlumat təqdim etmiş rayonlar - 38

Məlumat təqdim etmiş kəndlər – 490.