Elazığda əkin sahəsini becərən vətəndaşın tapdığı 84 kvadratmetrlik mozaika zəngin fiqurları ilə Türkiyədə nadir tarixi əsərdir.
Hafta.az-ın yazdığına görə, Elazığ şəhərinin mərkəzindən 14 kilometr aralıda yerləşən Salkaya kəndində əkinçiliklə məşğul olan vətəndaş təxminən bir il əvvəl ting əkərkən yerdə müxtəlif naxışlar görüb. Əvvəlcə nə baş verdiyini anlaya bilməyən Sualp, gördüklərinin tarixi xarabalıq ola biləcəyini düşünərək dərhal Elazığ Muzey Müdirliyinə və jandarma qruplarına məlumat verib.
Bölgədə aparılan araşdırmalar nəticəsində tapılan quruluşun Roma və Erkən Bizans Dövrlərinə aid unikal mozaika olduğu müəyyən edilib. Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyasında başladılan qazıntı-xilasetmə işləri ilə 84 kvadratmetrlik nəhəng mozaika bir parça halında üzə çıxarılıb.
Mozaikada şir, dağ keçisi, ördək, tazı, maral, qırqovul, donuz, ayı, qaz, Anadolu bəbiri və müxtəlif quş fiqurları, ağac və bitki növləri təsvir edilib. Mütəxəssislər mozaikanın ölçüsü, haşiyələri və həndəsi naxışları ilə Türkiyədə daha əvvəl görülməmiş bir əsər olduğunu vurğulayırlar. Bundan əlavə, qazıntı sahəsində kilsə və şərab zirzəmisi də aşkar edilib.
Qazıntı sahəsini ziyarət edən Elazığ valisi Numan Hatipoğlu verdiyi açıqlamada, "Salkaya kəndindən bir vətəndaş fidan əkərkən bu dəyərli işi kəşf etdi. Görülən işlər nəticəsində bölgədə tanınan ən böyük mozaikalardan birini üzə çıxardıq. Bir parça və üzərindəki fiqurlarla möhtəşəm bir əsərdir. Əgər bölgədə yeni xarabalıqlar aşkar etsək, qazıntılarımızı genişləndirəcəyik. Bu əsərləri ya burada sərgiləyəcəyik, ya da Elazığ mərkəzində xalqa təqdim edəcəyik" deyib.
Mozaikanı ilk görən tarla sahibi Mehmet Emin Sualp hislərini belə ifadə edib: "Bu torpağı 2020-ci ildə üzüm bağı salmaq üçün almışıq. Fidan əkməyə başlayanda yerdəki mozaika naxışlarını gördüm və dərhal xəbər verdim. O gündən etibarən tarladakı işlərə dəstək oldum. Üzərində 10-15 heyvan fiqurları və 4 ağac təsviri var. Əvəzsiz xəzinədir, dəqiq qiymətləndirilməsini muzeyimiz edəcək”.