Əlcəzairin milli neft və qaz şirkəti Sonatrach, ilin ilk üç ayında ölkənin səhralarında 6 yeni enerji mənbəyi kəşf etdiyini açıqladı. Bu inkişaf cənubda yaşayanların iş yerlərindən daha çox faydalanacağına ümid yaradır.
Hafta.az-ın yazdığına görə, Sonatrach qeyd edib ki, yeni kəşflər onun öz səyləri əsasında edilib. Şirkətdən vurğulanıb ki, bu səylər paytaxtdan 800 kilometr cənubda, "Hassi Məsud" yatağının şərqində yerləşən Tuqqurt bölgəsində əhəmiyyətli neft və qaz potensialını açıb. Şirkət həmçinin Əlcəzairdə mədən sənayesinin əhəmiyyətini vurğulayaraq, "Sonatrach"ın karbohidrogen ehtiyatlarının artırılması üçün kəşfiyyat işləri çərçivəsində səylərinin böyüklüyünə diqqət çəkib.
"Sonatrach" Emkid Məsud hövzəsində iki quyu qazdıqdan sonra iki neft kəşfi edildiyini bildirib. Açıqlamaya görə, birinci quyuda gündəlik 5700 barel neft və 170461 kubmetr qaz, ikinci quyuda isə 4856 barel neft və 255912 kubmetr qaz qeydə alınıb.
Açıqlamada bildirilir ki, Qars-3 quyusunun qazılması zamanı İllizi hövzəsinin Ohanet bölgəsində kondensasiya olunmuş qaz miqdarları aşkar edilib. Gündə 336930 kubmetr qaz və 1504 barel neft qeydə alınıb. Hassi Rmel yatağından cənub-şərqdə, Vadi Mia hövzəsində LGL-2 quyusunun qazılması zamanı neft və qaz ehtiyatı aşkar edilib. Gündəlik 453 barel neft və 168312 kubmetr qaz axını hesablanıb.
Yeni enerji quyusu kəşfləri mütəxəssislərin son illərin ən böyük neft quyuları olan Hassi Mesud və Hassi Rmel yataqlarında hasilatın azalması fonunda Əlcəzairdə neft istehsalının aşağı düşəcəyini gözlədikləri bir vaxta təsadüf edir.
Son illər hökumət səhra bölgələrinin əhalisi üçün enerji obyektləri açmaqla cənubdakı işsizlik böhranını həll etməyə çalışır.