Ələt qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat verilib

18:20 24.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ələt qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib.

Hafta.az yazır ki, hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon İcra hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Rayon İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi üzrə nümayəndəsi Eldar İbrahimov hesabat verərək deyib ki, 2019-cu il Ələt qəsəbəsi üçün olduqca uğurlu keçib. Belə ki, rayonda həyata keçirilən quruculuq və abadlıq işləri sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına da qəsəbədə xeyli işlər görülüb. Təbii ki, görülmüş işlər göz qabağındadır və bütün bunlar qəsəbə sakinlərini ürəkdən sevindirir. Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmayıb. Sakinləri narahat edən problemlər də Ələt qəsəbə nümayəndəliyində araşdırılaraq, həli üçün lazımi tədbirlər görülüb.

Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərindən 7 nəfəri fərdi qaydada dinləyib. Sakinlər dinlənildikdən sonra səsləndirilən problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.

Hesabat yığıncağında qəsəbə sakinləri nümayəndəliyin 2019-cu ildə gördüyü işlərə qənaətbəxş qiyməti verib.