Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

19:28 12.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam rayonunda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, YAP Ağdam rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hafta.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Şəhidlər” Abidə Kompleksini ziyarət ediblər.

Ağdam Muğam Mərkəzində davam edən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Milli Qəhrəmanın keçdiyi döyüş yolundan bəhs edən “Mətin komandir” adlı sənədli film nümayiş etdirilib.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Elman Məmmədov və başqaları çıxış edərək, Allahverdi Bağırovun Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparmasından, bu yolda həyatını qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalmasından söz açıblar.

Məlumat verilib ki, Bağırov Allahverdi Teymur oğlu 1946-cı il aprelin 22-də Ağdam şəhərində anadan olub. 1965-ci ildə Ağdam şəhərindəki 1 nömrəli orta məktəbi bitirən A.Bağırov idmanla məşğul olub, “Qarabağ” futbol klubunda məşqçi kimi fəaliyyət göstərib. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və təcavüzü başlayanda A.Bağırov Ağdamda könüllülərdən ibarət batalyon yaradaraq, Qarabağdakı azərbaycanlı kəndlərinin müdafiəsində iştirak edib. Onun Xocalı faciəsi zamanı yüzlərlə soydaşımızın xilas edilməsində, həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və əsirlərin azad edilməsində böyük xidməti olub.

1992-ci il iyunun 12-də A.Bağırovun rəhbərliyi ilə Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edilib. Vətənimizin cəsur övladı Ağdama geri dönən zaman xidməti avtomobilində minaya düşərək həlak olub. Ağdam şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Milli Qəhrəmanın ailə üzvləri çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.