ABŞ-nin Milli Basketbol Assosiasiyası (NBA) final seriyasının dördüncü oyununda hakim səhvinin baş verdiyini etiraf edib.
Hafta.az liqanın rəsmi saytına istinadən xəbər verir ki, "Nyu-York Niks" – "San-Antonio Spörs" matçının həlledici anlarından birində yanlış qərar verildiyi bildirilib. Qeyd olunub ki, oyunun bitməsinə 1 dəqiqə 2 saniyə qalmış Stefon Kastla qarşı qayda pozuntusu qeydə alınmalı olduğu halda, hakimlər basketbolçunun parketi tərk etdiyinə qərar veriblər. NBA-nın yaydığı hesabata əsasən, Nyu York təmsilçisinin oyunçusu Coş Hart həmin epizodda rəqibinə mane olub.
Həmin vaxt "San-Antonio Spörs" cərimə atışı hüququna malik idi və qayda pozuntusu qeydə alınsaydı, Stefon Kastl iki sərbəst atış yerinə yetirəcəkdi. Buna baxmayaraq, "Nyu-York Niks" Oci Anunobinin son saniyələrdə qazandığı həlledici xallarla 107:106 hesablı qələbə əldə edib.
Qeyd edək ki, hazırda final seriyasında Nyu-York klubu 3:1 hesabı ilə öndədir. Komandalar arasında beşinci oyun iyunun 14-də keçiriləcək.