Əmanətlərimiz təhlükədədir? - MÜZAKİRƏ

15:26 25.05.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə "Günay Bank" ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Mərkəzi Bankın bununla bağlı yaydığı məlumatda qeyd edilib ki, sözügedən qurumun qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə "Banklar haqqında" qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən "Günay Bank" ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Bəs, maraqlıdır "Günay Bank"da olan əmanətlərin taleyi necə olacaq? Sözügedən bankın bağlanması bu sektora necə təsir göstərəcək? Hazırda daha hansı bankların bağlanma təhlükəsi var? Vətəndaşlar vəsaitlərinin yerli banklarda batmasından sığortalanmaq üçün hansı alətlərə yatırım edə bilərlər?

Məsələ ilə iqtisadçı ekspert Xalid Kərimli bizimlə söhbətində bildirib ki, əslində "Günay Bank" maliyyə sektoru üçün ciddi və əhəmiyyətli bank deyildi: “Amma bununla yanaşı xatırlatmaq yerinə düşər ki, “Günay Bank”ın bağlanmamasından əvvəl Mərkəzi Bank belə bir bəyanat yaydı ki, Azərbaycanda riskli bank yoxdur. Amma sonradan Mərkəzi Bank "Günay Bank"ın lisenziyasını ləvğ etdi. Bunun səbəbləri də müvafiq qərarda göstərildi vəqeyd olundu ki, "Günay Bank"ın məcmu kapitalına dair tələblərə uyğun olmaması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən aşağı olması, Mərkəzi Bankın müəyyənləşdirdiyi etibarlılıq və puridensiallıq qaydalarına əməl etməməsi onun fəaliyyətinin sonlandırılması ilə nəticələnib. Bankın ümumi ölkə üzrə kredit portfeli cəmi 1 faizini təşkil edir. Həmçinin depozitlərdə payı 0.6 faiz, bank öhdəliklərində isə 0.5 faiz idi. Əslində Azərbaycanda 10-12 bank var ki, yaxın 5 ildə bağlanacağı proqnoz edilmir. Amma adını çəkmək istəmədiyim qalan digər kiçik banklar var ki, onların bağlanma riski mövcuddur. Lakin həmin bankların da mütləq bağlanacağını demək çətindir. Elə senarilər var ki, onları tətbiq etməklə həmin banklar risksiz banklardan da çox yaşaya bilərlər".

Ekspert vurğulayıb ki, bu gün vətəndaşı maraqlandıran əsas məsələ əmanətinin risksiz olmasıdır: “Vətəndaşlar banklara əmanət yerləşdirəndə qanunvericiliyə əsasən addım atmalıdırlar ki, riskləri olmasın və yaxud da az olsun. Hər bir bankda 100 min manata qədər və 12 faizi keçməmək şərtilə əmanət yerləşdirmək olar. Eyni zamanda, 100 min manat ekvavalentində 2,5 faizi keçməmək şərtilə digər valyutalarda investisiya qoymaq olar. Təbii ki, bu tələblər yerinə yetirildiyi halda bank bağlansa da, Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri vətəndaşlara geri qaytaracaq. O ki qaldı vətəndaşların öz vəsaitlərini banklardan başqa hansı sahəyə yatırım edə biləcəklərinə, bizdə bununla bağlı digər alternativlər olduqca məhduddur. Məsələn, Avropada çox rahat şəkildə kapital bazarına, səhm bazarına investisiya yatırmaq mümkündür. Azərbaycanda isə kapital bazarı, səhm bazarı, istiqraz bazarı yox səviyyəsində olduğundan bu barədə vətəndaşlara məsləhət vermək çətindir. Ənənəvi olaraq vətəndaşlar özləri daşınmaz əmlak bazarına investisiya yatırırlar. Amma bu sahədə də qiymətlər son zamanlar ya çox az artır, ya da ümumiyyətlə artmır. Yəni, vətəndaşın əlindəki vəsaiti yerləşdirəcəyi çox istiqamət yoxdur. Kapital bazarının inkişaf etməməsi Azərbaycanda vətəndaşın investisiya imkanlarını məhdudlaşdırır”.

Məsələyə münasibət bildirən Milli Məclisin deputat Vüqar Bayramov deyib ki, "Günay Bank" müflisləşən zaman depozitlərinin həcmi 108 milyon 566 min manat olub: “Bu portfelin 38.5 milyon manatı sığortalanmış əmanətlərdir. Mövcud qaydalara əsasən, sığortalanmış əmanətlər tam olaraq kompensasiya olunaraq depozit sahiblərinə geri qaytarılacaq. Mərkəzi Bankın məlumatına görə, bankın əmanətçilərinin say etibarı ilə 99,9 faiznin əmanətləri kompensasiya olunacaq. Bununla belə, bankda olan 70 milyon manata yaxın əmanət sığortalanmayıb. Əmanətçilər ilə depozit portfelinin həcminin müqayisəsi göstərir ki, sığortalanmamış əmanət az sayda vətəndaşlara məxsusdur. Yəni, bir sıra şəxslərin bu bankda milyonlarla ifadə olunan əmanətləri olub".

Deputat xatırladıb ki, hazırda fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanır. Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan divident faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir. Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə praktik olaraq bankın məsuliyyətindədir. Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivlərin üstələdiyi halda qaytarıla bilər. Bununla belə, qorunmayan əmanətlərin taleyi ilə bağlı Fond tərəfindən real addımların atılmasına ehtiyac var. Zəif bankların müflisləşməsi deyil, sağlamlaşdırılması daha prioritet olmalıdır".

Mövzu ilə bağlı bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə vurğulayıb ki, əslində Azərbaycanda məcmu kapitala qoyulan 50 milyon manat dünyada bu sahədə ən yüksək məbləğlərdən biridir: “Dünyada az-az ölkələr var ki, bank fəaliyyəti üçün məcmu kapitala bu qədər yüksək məbləğ tələbi qoyulur. ABŞ başda olmaqla, əksər ölkələrdə bu məbləğ simvolik xarakter daşıyır. Əsas diqqət bankın az pulla çox iş görmək potensialına yetirilir. Bizdə əvvəl bu tələb 5 milyon manat idi. Sonra 50 milyona qaldırdılar, məqsəd də bank sayını azaltmaq idi. Vaxtilə Mərkəzi Bank rəsmiləri də bildiriblər ki, Azərbaycanda bu qədər banka ehtiyac yoxdur. Bu, rəqabətin qarşısını almaq, az sayda banka daha rahat və inhisarçı şərait yaratmaq istəyindən irəli gələn yanaşmadır. Çünki məcmu kapitalı az olub, çox sağlam fəaliyyət sərgiləyə bilən banklar dünyada minlərlədir. Burada əsas bankın öz funksiyalarını effektiv şəkildə icra edə bilməsi, az maliyyə ilə çox iş görmək bacarıqlarıdır. Qanunvericilik elə olmalıdır ki, bankların hamısına bərabər şərtlər təmin etsin. "GünayBank"a gəlincə, bu bankın hansısa ciddi problemlərinin olduğuna dair hər hansı dəqiq məlumat eşitməmişəm. Normal, amma kiçik bir bankdır. Mütləq deyil ki, ölkədə bütün banklar böyük olsun, biri kiçik olar, biri orta, biri böyük. Əgər məqsəd az sayda iri banka inhisarçı şərtlər yaratmaq deyilsə, kiçik banklara dəstək verib ayaqda qalmasına yardım etmək lazımdır. İdarəçiliyində problem olmayan bir bankı niyə bağlayırsan axı? Hər bağlanan bank kiçik və orta sahibkarların kredit əlçatanlığını bir qədər də məhdudlaşdırır. Böyük banklardan kredit almaq hər sahibkar üçün əlçatan deyil. Bir çox kiçik və orta sahibkarlar məhz belə kiçik banklardan kredit ala bilirlər. İndi onları da bağlayırlarsa, bu, kiçik və orta sahibkarlar üçün böyük problemlər yaradacaq”.

Oxunma sayı 171