Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) açıqladığı son hesabata görə, 2019-2023-cü illərdə Rusiyanın silah ixracında 53 faiz azalma müşahidə olunub. Digər tərəfdən, eyni dövrdə Avropa İttifaqı (Aİ) ölkələrinin silah idxalı 94 faiz artıb.
Hafta.az-ın SIPRI-nin qlobal silah ticarətinə dair tərtib etdiyi hesabata istinadən yazdığına görə, 2014-2018 və 2019-2023-cü illəri müqayisə etdikdə Avropa ölkələrinin əsas silah növlərinin ixracının iki dəfə artırdığı bildirilir. Bu artım xüsusilə Avropaya silah nəqlində nəzərə çarpır.
Mütəxəssislər xüsusilə Ukraynadakı münaqişə mühitinin regionun hava hücumundan müdafiə sistemlərinə tələbatı artırdığına diqqət çəkirlər. Hesabatda 2019-2023-cü illərdə Avropada ən çox silah idxal edən ölkənin Ukrayna olduğu və bu müstəvidə dünyada 4-cü yeri tutduğuna dair məlumatlar da paylaşılır. Bildirilir ki, Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri ən azı 30 ölkə Kiyevə hərbi yardım kimi əsas silah növləri göndərib.
SIPRI-nin məlumatına görə, 107 ölkəyə silah ixrac edən ABŞ sözügedən dövrdə ixracatını 17 faiz artıraraq liderliyini qoruyur. Fransa yüzdə 47 artımla ikinci yeri tutarkən, Rusiya ixracatında yüzdə 53 azalma ilə ilk dəfə 3-cü yerə düşüb. Türkiyə silah ixracatında 106 faiz artımla 11-ci yerə yüksəlib.
Çinin də silah ixracında 5,3 faiz azalma qeydə alınıb. Bundan başqa, Almaniyada 14 faiz azalma, İtaliyada 86 faiz artım, Böyük Britaniyada 14 faiz azalma, İspaniyada 3,3 faiz azalma, İsraildə 25 faiz azalma, Cənubi Koreyada 12 faiz artım qeydə alınıb.
Hesabatda həmçinin Hindistanın silah idxalını 4,7 faiz artıraraq ən böyük silah idxalçısına çevrildiyi, Rusiyanın isə 36 faiz payla Hindistana ən çox silah göndərən ölkə olduğu bildirilir.
Digər tərəfdən Rusiyanın qlobal bazardakı payının 11 faiz olduğu, lakin 2019-cu ildə 31 ölkəyə silah satışı olduğu halda, 2023-cü ildə cəmi 12 ölkəyə silah ixrac etdiyi bildirilir.
SIPRI-nin məlumatına görə, Rusiyanın silah ixracında azalma son beş ildə xüsusilə nəzərə çarpıb.