Ərəb ölkələrinin iqtisadiyyatı bu il 2,2, gələn il 3,3 faiz böyüyəcək

09:26 24.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ərəb Valyuta Fondu dərc olunan “Ərəb İqtisadi Görünüşü” hesabatına əsasən ərəb iqtisadiyyatlarının artım sürətinin 2023-cü ildə 2,2 faiz civarında olacağı gözlənilir.

Hafta.az-ın yazdığına görə, hesabatda qlobal iqtisadi şəraitdə gözlənilən yaxşılaşma fonunda ərəb ölkələrinin 2024-cü ildə 3,3 faiz ətrafında böyüyəcəyi bildirilib.

Hesabatda Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyatının artımının 2023-cü ildə 1,9 faiz olacağı, 2024-cü ildə isə 2,8 faizə yüksələcəyi təxmin edilir. Həmçinin Krallığın qeyri-neft sektorunun iqtisadiyyatın şaxələndirilməsi strategiyası ilə dəstəklənərək hələ də yaxşı fəaliyyət göstərdiyi qeyd olunub.

Ərəb Valyuta Fonduna görə, Qətər iqtisadiyyatının 2023 və 2024-cü illərdə müvafiq olaraq 2,7 və 2,8 faiz artacağı proqnozlaşdırılıb. Küveyt iqtisadiyyatının artımının 2023-cü ildə 0,9 faiz ətrafında olacağı, 2024-cü ildə isə 2,5 faizə yüksələcəyi təxmin edilir.

Hesabatda Oman iqtisadiyyatının bu ilin sonuna qədər təxminən 1,7 faiz, gələn il isə 3,6 faiz artacağına dair gözləntilər ifadə edilib.

Əlcəzair, İraq, Liviya və Yəmən də daxil olmaqla digər neft ixrac edən ərəb ölkələrinin iqtisadi böyüməsinin 2023-cü ildə 2 faiz, 2024-cü ildə isə 3,7 faizə yüksəlməsi gözlənilir.

Hesabatda deyilir ki, neft idxal edən ərəb ölkələri qrupunun bu il 2 faizlik artım sürətinə çatacağı gözlənilir. Məsələn, Misir iqtisadiyyatının 2023-cü ildə 3,8 faiz artacağı, 2024-cü ildə isə 4,1 faizə yüksələcəyi təxmin edilir. Mərakeşdə iqtisadi artımın yaxşılaşacağı, 2022-ci ildəki 1,3 faizdən bu il 2,4 faizə, gələn il isə təxminən 3,3 faizə yüksələcəyi gözlənilir.

Tunisdə ÜDM artım sürətinin 2023-cü ildə təxminən 1,6 faiz, 2024-cü ildə 2,1 faiz, İordaniya iqtisadiyyatının isə 2022-ci ildə əldə etdiyi 2,7 faizlik artım sürətini bu il və 2024-cü ildə də davam edəcəyi gözlənilir.