Ermənilərdən təhvil alınan mina xəritələri - Ermənistanın yalanlarının növbəti ifşası

11:28 15.06.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İyunun 12-də Ermənistanın Ağdamın mina xəritəsini Azərbaycana verməsi müqabilində 15 diversantın Ermənistana qaytarılması gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Minalanmış sahələrin ilkin xəritələrinin verilməsi əvəzində diversantların geri qaytarılması birmənalı qarşılanmasa da, Azərbaycanın  diplomatik uğuru kimi dəyərləndirilir.

Görəsən, ermənilərin diversantların əvəzində verdiyi mina xəritələrinin dəqiqliyinə nə dərəcədə əmin ola bilərik? Bu istiqamətdə hafta.az-a danışan politoloqlar və hərbi ekspertlər vəziyyəti müxtəlif aspektlərdən şərh ediblər.

Politoloq Məhəmməd Əsədullazadə şərhində bildirib ki, Ağdamın mina xəritəsinin  verilməsi müqabilində 15 diversantın Ermənistana qaytarılmasında ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb. Bundan əlavə, Vaşinqton çalışır ki, Ermənistanda keçiriləcək seçkiöncəsi Paşinyanın reytinqi yüksəlsin.

“ABŞ dövlət katibinin köməkçisinin Azərbaycan və Ermənistana səfəri müstəvisində bu razılaşma əldə edildi. Rusiya  bu günlərə qədər manipulyasiya edib, xəritələrin verilməsini tələb etmirdi. Ümumiyyətlə, Rusiya çalışırdı ki, mina xəritələri Azərbaycana verilməsin və diversantlar Azərbaycanda saxlanılmaqla Pasinyanın reytinqinə mənfi təsir etsin. Vaşinqton son proseslərdə dövriyyəyə girdi və proseslərin müsbət istiqamətdə aparılmasına çalışdı. Digər diversantların azad olunmasına gəldikdə isə növbəti mərhələdə Azərbaycanın şərtləri müqabilində bu baş tuta bilər”.

 

Politoloq hesab edir ki, Laçında bir erməni hərbçisinin geri təhvil verilməsi, ardınca da bir neçə diversantın azad edilməsi Paşinyanın reytinqini qaldıracaq:

“Koçaryan və Rusiya qüvvələrinin bu seçkidə məğlubiyyəti qaçılmaz olacaq.

Rusiya tərəfi ötən gün mina xəritələrinin veriləcəyini qeyd etmişdi. Bunun Moskva deyil, Vaşinqton tərəfindən həyata keçirilməsi regionda çox ciddi siyasi  qarşıdurmanın getdiyini göstərir. Prezident İlham Əliyev bu istiqamətdə obyektiv strateji siyasət həyata keçirir. Əsas minalar Ağdam, Füzulini əhatə edir”.

Politoloq Samir Hümbətov şərhində bildirib ki, Ermənistan tərəfinin Ağdamda basdırdığı 97 min tank və piyadaəleyhinə minanın xəritəsini təhvil verməsi Azərbaycanın üstün mövqedə olmasına açıq sübutdur.

“Təbii ki, Azərbaycan da humanizm prinsiplərini üstün tutaraq, 15 erməni terrorçusunu Gürcüstan vasitəsilə qaytarması onu göstərir ki, hər zaman üstünlüyü özümüzdə saxlayırıq. Şübhəsiz ki, bu məsələdə Qərbin təsirinin olduğunu danmaq olmaz. Brüssel sammiti və Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Ermənistan tərəfinin bu addımı atmasının arxasında da məhz bu amilin dayandığını demək mümkündür. Görünən odur ki, baş vermiş bu proseslər davamlı hal ala bilər ki, bu da Azərbaycan və bütövlükdə region üçün daha faydalı olacaq”.

Politoloq bildirir ki, burada diqqətçəkən digər  məqam Paşinyanın Qərbə səfərindən sonra bu addımı atması və Azərbaycanın da erməni terrorçuları Gürcüstan vasitəsilə qaytarmasıdır.

“Bu addım onu göstərir ki, Paşinyan açıq şəkildə  demək istəyir ki, mənim üçün əsas prioritet Qərbdir, nəinki Rusiya”.

Politoloq Elxan Şahinoğlu bildirir ki, Paşinyan heç zaman açıq danışmadığı minalanmış ərazinin xərtələrindən ilkini Azərbaycana təhvil verməklə, həm də artan kənar təzyiqdən yaxasını qurtarmağa çalışdı.

“Ermənistan bir xəritə ilə işini bitmiş saya bilməz, Azərbaycana bütün xəritələr təhvil verilməlidir. Əlimiz gücləndi, minalar məsələsində Ermənistana təzyiq nəticə verdi. Davamı gəlsin. Əgər əlimizdə olan bir qisim erməninin Ermənistana təhvil verilməsi ilə seçkiöncəsi Paşinyanın mövqeyi güclənəcəksə, qoy olsun. Robert Köçəryandansa qoy elə Paşinyan hakimiyyətinə davam etsin. Nəhayət ilk addım atıldı. Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Bunun müqabilində, 15 erməni Gürcüstan üzərindən Ermənistana təhvil verildi.

Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması diqqət çəkici idi. Humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan Hökumətinin dəstəyinin təqdir edildiyi bildirilən açıqlamada eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edildi. Bu sırada bircə Rusiyanın adı çəkilmədi. Səbəb sadədir. Rusiya mina xəritələrinin Azərbaycana təhvil verlməsi üçün İrəvana təzyiq etmədi. Bunu ilk növbədə Moskva həyata keçirə bilərdi. Azərbaycan və Ermənistan bu dəfə başqalarının vasitəçiliyilə məsələni yoluna qoydular”.

E.Şahinoğlu bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan minalanmış ərazilərin xəritəsini NATO toplantısındakı çıxış mətninə salmışdı. Paşinyan NATO toplantısı başlayana qədər ilk xəritəni Azərbaycana təqdim etməklə Türkiyə Prezidentinin çıxışının minalarla bağlı hissəsinin effektlini azaltmağı hədəflədi.

Onun sözlərinə görə, ilk mina xəritəsinin Azərbaycana təhvil verlməsinin bir sıra nəticələri ola bilər: “Birincisi, bu yolla biz beynəlxalq aləmin minalar mövzsusuna diqqətini artırmış olduq. Bundan sonra Ermənistan “bizdə minalanmış ərazilərin xəritələri yoxdur” yalanını təkrarlaya bilməyəcək. Bu informasiya müharibəsində xeyrimizə işləyəcək.

İkincisi, parlament seçkisiöncəsi Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan 15 ermənini geri qaytarmaqla az da olsa reytinqini artırmağa müvəffəq olacaq. O, bundansonrakı mitinqlərdə “qalan erməni əsirləri də geri qaytaracağam” tipli açıqlamalar verəcək”.

Hərbi ekspert Şair Ramaldanov isə hafta.az-a mina xəritələrinin doğru olmama ehtimalı ilə bağlı danışarkən bildirib ki, ermənilərin hər bir məkrli addıma əl atmasını mümkündür. Mina xəritələri hərbi hissə üçün çox ciddi bir sənəddir. 

“Ermənilər “Bizdə olan sənədlər budur”, – deyə bilər. Mina xəritələrini mühəndis-zabitlər hazırlayır. Bu, xüsusi yanaşma və dəqiqlik tələb edən bir sənəddir.  Orada minaların dəqiq yerləri, hansı ərazidə yerləşməsi, dərinliyi, enliliyi, minalar arasında məsafə, mina sayı əks olunub. Əlbəttə ki, həmin sənədin hazırlanmasında da müəyyən peşəkarlıq tələb olunur”.

Ş.Ramaldanov ermənilərin təqdim etdikləri xəritələri görmədiyi üçün onun hansı meyarlara cavab verib-vermədiyi barədə fikir söyləyə bilməyəcəyini bildirib. 

“Mina xəritələrinin Ağdamın hansı ərazilərini əhatə etdiyini bilmirik. Əgər xəritə təmas xəttini əhatə edirsə,  biz demək olar ki, orada əsas hissəni təmizləmişik.  Mina xəritələrinin nə qədər düzgün işlənməsini isə bu xəritə ilə məşğul olandan sonra biləcəyik. Xəritə ərazidən minaları təmizləməyə imkan verəcəksə, həmin xəritəni düzgün və yararlı hesab etmək olar. Yox, əgər xəritədə göstərilənlərlə minaların tapılması mümkün olmayacaqsa, o zaman o ya aşağı peşəkarlıqla işlənib, ya da reallığı əks etdirmir. Minaların əhəmiyyəti sənədin işlənmə keyfiyyətindən asılıdır”.

Hərbi ekspert bildirir ki, xəritələr yanlış olacağı təqdirdə, məsələnin beynəlxalq rakursda qabardılması üçün konvensiyada hüquqi əsas yoxdur.

“Beynəlxalq konvensiyaya diqqət çəksək, müharibədən sonra münaqişə tərəfləri sülh bağlamalı və  tərəflər öz mina sahələrini təmizləyib bir-birlərinə təhvil verməlidir.  Ümumi tələbə əsasən mina yerləşdirilən zaman xəritədə əks olunmalıdır. Yəni erməni tərəfi  yerləşdirdiyi minaları təmizləyib Azərbaycan tərəfinə verməlidir”.

Ekspert mina xəritələrinin növbəti gedişlərdə də şərtsiz verilməyəcəyini vurğulayır.

“Erməni əsirlər bizim üçün o qədər də önəmli deyil. Hər bir insanımızın həyatı bizim üçün erməni əsirlərindən üstündür. Əgər bu xəritələr hansısa şəxsləri, əhalini ölümdən qurtaracaqsa, bizim üçün əsas olan budur. Azərbaycan maraqlı olan infrastrukturu bərpa etməlidir. Digər tərəfdən, istintaq araşdırmasında məlum olub ki, bu 15 nəfər terorçuluqla məşğul olmayıb. Azərbaycan Prezidenti diplomatiya sahəsində böyük nailiyyətlərə nail olub, o cümlədən də mina xəritələrinin verilməsi sahəsində.  Jurnalistlərin mina partlayışında həlak olmasından sonra dünya bir daha üzünü bu sahəyə tutdu. Ermənistan xəritələri verməyə məcbur edildi. Onlar da siyasi dividend qazanmaq üçün 15 nəfərin azad edilməsi şərtini ortaya qoydu. Bu, daha çox diplomatiyada qazandığımız uğurdur. Azərbaycan Ermənistanda gedən prosesləri nəzərə alaraq, 15 nəfərlə bağlı belə humanist addımı atıb”.