Qazaxıstanın “Fly Arystan” loukoster şirkəti iyunun 2-dən etibarən Astana-Bakı sərnişin reyslərinə başlayacaq.
Hafta.az-ın Astanatimes-a istinadən yazdığına görə, uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə günləri "Airbus-A320" təyyarələri ilə həyata keçiriləcək.
Aviadaşıyıcı həmçinin Aktau - Bakı marşrutu üzrə uçuşlar həyata keçirir.
Qazaxıstanın milli aviadaşıyıcısı “Air Astana” hazırda Almatıdan Bakıya həftədə iki dəfə uçuşlar həyata keçirir. Aktobe ilə Bakı arasında uçuşlar "Qazaq Air" tərəfindən həftədə iki dəfə icra olunur.
Azərbaycanın “Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) martın 16-dan və 17-dən Bakı - Astana və Bakı - Almatı aviareyslərini bərpa edib. Aviaşirkət Bakı - Almatı reyslərini həftədə iki dəfə çərşənbə axşamı və cümə günləri, Bakı - Astana reyslərini bazar ertəsi və cümə axşamı, geriyə isə çərşənbə axşamı və cümə günləri həyata keçirir.
Azərbaycanın aşağıbüdcəli “Buta Airways” aviaşirkəti də həftədə üç dəfə Bakı - Aktau - Bakı marşrutu üzrə uçuşlar edir.
Qeyd olunur ki, uçuşların açılması ticarət, iqtisadiyyat, biznes, turizm və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın inkişafını sürətləndirəcək.