“FlyArystan” Astana-Bakı istiqamətində reyslərə başlayıb

19:20 03.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 2-dən 3-nə keçən gecə “FlyArystan” aviaşirkəti Astana-Bakı marşrutu üzrə ilk rəsmi reys həyata keçirib.

Hafta.az xəbər verir ki, yeni reysin açılışı ilə əlaqədar hava limanında təşkil olunan tədbirdə Heydər Əliyev Beynəlxalq Aeroportunun rəhbərliyi, Qazaxıstanın “FlyArystan” və “AirAstana” aviaşirkətlərinin nümayəndələri, Qazaxıstanın ölkəmizdəki səfirliyinin əməkdaşları, yerli KİV-lərin nümayəndələri və şəhər sakinləri iştirak ediblər. Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfüqarov iki ölkə arasında sərnişindaşıma ilə dörd aviaşirkət məşğul olduğunu, yeni aviareysin açılışı isə ölkələrimiz arasında iqtisadi, humanitar, o cümlədən turistik əlaqələrin bundan sonrakı inkişafına töhfə verəcəyini söyləyib.

Qazaxıstan səfirliyinin müşaviri Jandos Nurmaxambetov təbrik nitqində reysin açılışının Qazaxıstanla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına, turizm, iqtisadiyyat və mədəniyyət sahələrdə əməkdaşlığın dərinləşməsinə yönəldiyini qeyd edib.

Diplomat, eyni zamanda, Bakı ilə Qazaxıstanın Astana, Almatı, Aktobe və Aktau şəhərləri arasında reyslərin 17-dən 19-dək artacağını, ticarət-iqtisadi münasibətlərin tədricən inkişafı ilə onların sayının daha da yüksək olacağını bildirib.

“Çoxdan gözlənilən reysin açılışı ilə Qazaxıstanla Azərbaycan arasında dostluq və qardaşlıq möhkəmlənib və xüsusi diqqət birgə nailiyyətlərimizin hər iki xalqın sevinci olduğuna yönəlib”, - deyə səfirliyin müşaviri əlavə edib.

Öz növbəsində, “FlyArystan”ın baş satış meneceri Daur Yerkinulı bundan əvvəl Aktau-Bakı-Aktau istiqamətində uğurlu marşrutundan sonra yeni marşrutun işə salınmasını qeyd edərək, Bakının yerləşməsi və onun Qazaxıstana yaxın olması turizm və işgüzar səfərlər üçün cəlbedici istiqamət olduğunu deyib. “FlyArystan” reysləri şirkətin prioritetini təşkil edən sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin edən müasir və etibarlı “Airbus A320” hava gəmiləri ilə yerinə yetirilir”, - deyə o əlavə edib.

Bakı ilə Astana arasında uçuşun müddəti təxminən 3 saat 20 dəqiqə təşkil edəcək.