Fransa “itkin gəlin” rolunda

22:43 16.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyada cərəyan edən proseslər fonunda Makron Fransası Avropanın yeni lideri olmağa çalışır, lakin çətin ki, uğur qazansın. Nəticələrə nəzər salsaq görərik ki, Fransa Prezidenti Emmanuel Makronun   xarici siyasəti həm Ukraynada, həm də Qəzzada əhəmiyyətli nəticələr vermədi. Paris beynəlxalq səhnədə, sanki “itkin gəlin”i xatırladır. Onun axtarışına çıxan Makron isə vəziyyəti düzəldə bilmir.

Hazırda dünyanı narahat edən iki fundamental məsələ var, lakin onların hər birində Makron başda olmaqla, Fransa cüzi rol oynayır. Birincisi, Ukrayna münaqişəsidir. İkincisi, Qəzza zolağında gedən müharibədir.

Fransa Avropa səhnəsində heç bir xüsusi rol oynaya bilmir. Yaxın Şərqdə də ona bunu etməyə icazə verilmir. Bu iki regionun öz müqəddəratını təyin etməsi yeni dünya nizamının əsasını təşkil edir.

Son günlərdə Fransa Prezidenti yenidən fəallışıb. Bu dəfə Ukrayna cəbhəsi istiqamətində. Hərbi fəallığı artıran Fransa lideri Rusiyanı bir çox tərəfdən mühasirəyə almağı planlaşdırır. Makron Ukraynaya mümkün qoşun yeridilməsini elan edir, Ermənistan və Moldova ilə hərbi müqavilələr imzalayır, Rusiya ilə münasibətləri ən yüksək səviyyədə və müttəfiqlik münasibətləri müstəvisində olan Azərbaycanın daxili işlərinə qarışır.

Lakin bu siyasi fəallıq özünü real nəticədə büruzə vermir. Məsələn, Makron, artıq iki dəfə Kiyevə planlaşdırılan səfərini təxirə salıb. Nəticəsi isə onun “qorxaq lider” adlandırılmasıdır. Bu adı ona heç də kənarda yox, elə ölkə daxilindəki rəqibləri yaraşdırırlar.

“Heç bir siyasi lider heç vaxt Fransa Prezidenti Emmanuel Makron kimi qorxusunu belə göstərməyib”, - bu barədə Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Filippo Makronun güc göstərməyə çalışdığını, lakin bütün Rusiyanın Kiyevə getmək qorxusuna görə ona güldüyünü vurğulayıb. “Bütün Rusiya ona gülür! Heç bir siyasi lider heç vaxt qorxusunu belə göstərməyib”, - Filippo yazıb.

Onun sözlərinə görə, “Makron, əzələlərini göstərməyə çalışaraq dəhşətli dərəcədə alçaldıcılıqla üzləşib”.

Bir gün əvvəl “Politico” nəşri Emmanuel Makronun Rusiya Federasiyası ilə əlaqədar siyasətdə müttəfiqlərlə əlaqəli fikir ayrılıqları ilə bağlı Ukraynaya planlaşdırılan səfəri təxirə saldığını yazıb. Nəşr qeyd edib ki, Makron indi Ukraynanı “əhəmiyyətli nəticələrlə” ziyarət etmək üçün müttəfiqlərlə danışıqlar aparmaq üçün “lazımi vaxt ayırmağı” planlaşdırır.

Bundan əvvəl isə “Tribune” nəşri Emmanuel Makronun yenidən mart ayında planlaşdırılan Kiyev səfərinin növbəti dəfə təxirə saldığını xəbər verib.

Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı haqqındakı son qiymətləndirmələri də maraqlıdır. “Fransanı Afrikadan Rusiya sıxışdırıb çıxarmayıb”, - Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” və RİA “Novosti”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, problem başqadır. Putin Fransa Prezidenti Emmanuel Markonun Rusiyadan incik olduğunu söyləyib: “Bəli, düşünürəm ki, hansısa inciklik var, amma biz onunla birbaşa əlaqə saxlayanda bu mövzuda kifayət qədər açıq danışmışdıq. Biz Afrikaya gedib Fransanı oradan sıxışdırıb çıxarmamışıq. Problem başqadır. Tanınmış “Vaqner” qrupu əvvəlcə Suriyada bir sıra iqtisadi layihələr həyata keçirib, daha sonra Afrika ölkələrinə keçib. Müdafiə Nazirliyi onlara Rusiya qrupu olduğuna görə dəstək verir. Biz heç kimi sıxışdırmadıq. Sadəcə olaraq, bəzi Afrika ölkələrinin liderləri Rusiyanın iqtisadi operatorları ilə razılaşdılar, onlarla işləmək istədilər, lakin fransızlarla heç bir şəkildə işləmək istəmədilər. Bu, hətta bizim təşəbbüsümüz deyildi, afrikalı dostlarımızın təşəbbüsü idi.

Müstəqil dövlət başqa ölkələrdən, o cümlədən Rusiyadan olan tərəfdaşları ilə münasibətləri inkişaf etdirmək istəyirsə, bu məsələdə bizdən niyə inciməlidir, başadüşülən deyil. Biz bu ölkələrdə onlara, keçmiş fransız müstəmləkəçilərinə toxunmamışıq. Mən, hətta bunu istehzasız deyirəm, çünki Fransanın tarixən müstəmləkəçi olduğu bir çox ölkələrdə onlarla həqiqətən çalışmaq istəmirlər. Bizim bununla heç bir əlaqəmiz yoxdur. Biz orada heç kimi qızışdırmırıq, heç kimi Fransaya qarşı qoymuruq. Öz problemlərinizi görmədən kimdənsə incimək, yəqin ki, daha rahatdır. Ola bilsin ki, Fransa Prezidentinin belə kəskin, kifayət qədər emosional reaksiyası bəzi Afrika dövlətlərində baş verənlərlə də bağlıdır”, - Rusiya Prezidenti vurğulayıb.

Qeyd edək ki, hazırda anti-Azərbaycan cəbhənin ön sırasında dayanan ölkələrin başında da Fransa gəlir. Onun bizim əleyhimizə siyasətində əsas maşası isə Sorosun dollarları hesabına Ermənistanda hakimiyyət başına gələn Paşinyan və onun komandasıdır. Fransa Ermənistanda da Rusiyaya qarşı ikinci cəbhə açıb. Bu cəbhədə qarşı tərəflərdən biri məcburi olaraq Azərbaycandır. İrəvana dəstək silah ixracı, sərhədimizə müşahidəçi adı altında casusların göndərilməsi, separatizmin alovlandırılması, Zəngəzur dəhlizinin açılmasına maneə yaradılması formasında təzahür edir. Bütün bu hallar isə Azərbaycanın milli maraqlarını təhdid edən məqamlardır.    

İrəvanın mövcud siyasəti isə Fransanın Cənubi Qafqaz siyasətinin proeksiyasıdır. İndi isə İrəvan Qərbdən hərbi dəstək vədi əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağı hədəfləyir.

 Beynəlxalq jurnalist və politoloq Sergey Latışev Tsargrad.tv-yə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-dən mümkün çıxması ilə bağlı bəyanatından danışıb. Ekspert vurğulayıb ki, Rusiya belə rəftara dözmək məcburiyyətində deyil.

“Siz KTMT-dən çıxmaq istəyirsiniz, çünki deyirlər ki, Rusiya İrəvanın özü tərəfindən tanınmayan, aydın olmayan sərhədləri olan Qarabağı “qorumayıb”. Baxaq görək Bayden və Makron sizi necə dolandıracaq, onların köməyi neçə gün və ya həftə davam edəcək. Lakin Moskva hələlik İrəvanla sərt məcrada danışmadığından orada özlərini belə aparırlar. Yəqin ki, tonu dəyişməyin vaxtı çatıb”, - Latışev bildirib.

Lakin onun fikrincə, anlamaq lazımdır ki, Ermənistan tamamilə Qərbin təsiri altına düşərsə, bu, Rusiya üçün problemlə nəticələnə bilər.

Ekspertlər Makronun Cənubi Qafqaz siyasətində anti-Azərbaycan ritorikasını da Afrikada aldığı məğlubiyyətlərlə əlaqələndirirlər.

“Fransanın Azərbaycana qarşı qərəzli davranmağa qərar verməsinin xüsusi səbəbi Afrikadakı mövqeyini itirməsi ilə əlaqədardır. Bunun üçün də Fransa Afrikada, Şərqi Avropada, Yaxın Şərqdə və Cənubi Qafqazda təsirini artırmağa çalışır. Ermənistanın haqlı və ya haqsız olmasına baxmayaraq, Fransa yenə də Ermənistanı dəstəkləyir. Bu baxımdan da Fransa Ermənistandan istifadə etməyə çalışır”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq konfransın iştirakçısı Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina deyib:

“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə XXl əsrdə neomüstəmləkəçiliyə qarşı mübarizəni təşviq etdi. Ona görə də deyə bilərəm ki, bu gün müxtəlif dövlətlərdən olan ekspertlər beynəlxalq ictimaiyyətin arxasınca getməyə çalışırlar. Onlar səy göstərməlidirlər və birlikdə mübarizə aparmalıdırlar ki, hər hansısa bir dəyişiklik olsun. Əks halda bütün icmalar və cəmiyyətlər üçün çox bərbad vəziyyət yaranacaq. Məncə Fransa hökumətinin özü Azərbaycandakı vəziyyətdən xəbərdardır. Onlar başa düşürlər ki, biz çox inkişaf etmiş müasir cəmiyyətdəyik, burada müxtəlif etnik qruplar birlikdə asanlıqla, dinc yanaşı yaşaya bilirlər. Düşünürəm ki, Fransada bunu başa düşürlər, amma siyasi səbəblərə və oradakı mövcud hakimiyyətə görə reallıqları qəbul etmək istəmirlər. Onlar Azərbaycanla dostluq əlaqələrinin inkişafı üzərində işləmək istəmirlər”.

Anastasiya Lavrina deyib ki, Fransa, sadəcə olaraq, Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarını pozmağa çalışır.

Göründüyü kimi, Makron boyundan hündürə tullanaraq hər tərəfə əl atmağa çalışır. Lakin hesablanmamış atlayış əksər hallarda ciddi zədələrə də yol açır. Paris isə hələlik bunun fərqində deyil.