“Fransanın bu davranşı, tərəddüdləri, xaotik hərəkətləri onu deməyə əsas verir ki, bu ölkə sanki nə etdiyini bilmir. Fransa sanki dünyada çaş qalıb, özünə yer axtarır. Avropada, Fransanın özündə belə Makrona münasibət müsbət deyil. Fransada baş qaldıran kəndli etirazları onu deməyə əsas verir ki, Makron uğursuz, yerində olmayan bir siyasətçidir”.
Bunu hafta.az-a siyasi şərhçi Əli Mustafa Ukraynaya yardımlar vəd edən Fransa prezidenti Makronun sözünə əməl etməməsi və Cənubi Qafqazla bağlı yanlış siyasətinə dair açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, Fransa dünyanın ən böyük silah ixracatçılarından biridir. Qərb, Fransa Ukraynaya müəyyən dəstək verir. Hətta statistik məlumatlarda yardım edən ölkələrin arasında Fransa 16-cı yerdə göstərilir. Fransanın yardım etmək potensialı qat-qat çox olsa da, bunu etmir.
“Rusiyaya qarşı dünyada bir psixoloji təsir atmosferi var. Hamı Rusiyanın təcavüzkar olduğunu, Ukraynaya dəstəyin vacibliyini qeyd edir. Fransa bu kontekstdə Ukraynaya dəstək verməyə məcburən razılaşır, çox az dəstək göstərir.
Qərb ölkələri ABŞ-ın çətiri altında Rusiyaya qarşı birləşib sanksiyalar tətbiq etsələr də, uzun zaman Fransanın, Almaniyanın bu məsələdə tərəddüd etdiyi məlumdur. Çünki Rusiya, Fransa “Vatikan qrupu”nun üzvü olaraq üzdə nə qədər bir-birlərinə hərbə-zorba gəlsələr də, alt qatda rəqib deyillər. Fransanın Cənubi Qafqaza yanaşması, hadisələrə münasibəti arzuolunan deyil.
Bir sözlə, Fransa Rusiyaya qarşı Qərblə bir yerdə görünmək istəsə də, Ukraniyanın qələbəsinə tərəfdar deyil”.