Fransa prezidenti Emmanuel Makron noyabrın ilk günlərində Mərkəzi Asiyaya səfərə gedib. Bu səfər Avropanın nüvə və qalıq yanacaqlara çıxışında Mərkəzi Asiyanın əhəmiyyətinin artdığı bir vaxtda baş verib.
Proqrama baxanda Makronun səfəri Qazaxıstan və Özbəkistanla ticarət və ikitərəfli münasibətləri yaxşılaşdırmaq kimi görünsə də, səfərin arxasında nələrin dayandığını anlamaq üçün ötən iyul ayına qayıtmalıyıq. İyulda Nigerdə baş verən çevrilişin Fransa üçün həyati əhəmiyyət kəsb edən nüvə sənayesini riskə atacağından qorxurdular. Lakin bu narahatlıq bir qədər şişirdilmişdi. Niger Fransanın ən çox uran aldığı ikinci ölkədir. Birincisi, Makronun yenicə səfər etdiyi dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstandır.
Bu arada, səfərinin ikinci günü Makron digər mühüm uran istehsalçısı olan Özbəkistana da gedib.
Səfər çərçivəsində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib ki, Fransa “əsas əhəmiyyətə malik etibarlı tərəfdaşdır”. Makron da bu iltifatı cavabsız qoymayıb və Qərbin Rusiyaya qarşı sanksiyalarına əməl etdiyi üçün Tokayevə təşəkkür edib.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Aİ-nin Rusiyadan neft alışı sürətlə kəsildiyi halda, Qazaxıstan İttifaqa ən çox neft satan üçüncü ölkəyə çevrilib. Onu yalnız Norveç və ABŞ qabaqlayır.
Amma bəlli olduğu kimi, Fransanı neftdən daha çox maraqlandıran Orta Asiya uranıdır.
Fransa elektrik enerjisinin 60 faizini atom elektrik stansiyalarından istehsal edir və bu nisbətdə dünyada birinci yerdədir.
Qazaxıstan satdığı neftin müqabilində Fransanın bu sahədəki nou-haunu öz mütəxəssislərinə və mühəndislərinə ötürməklə öz milli nüvə enerjisi sektorunu inkişaf etdirmək istəyir. Fransanın Qazaxıstandakı nümayəndə heyətinin üzvü deyib: “Qazaxıstanlar bizim nüvə təcrübəmizə böyük maraq göstərirlər”.
Bu şəxsin sözlərinə görə, Fransanın ictimai enerji şirkəti EDF Qazaxıstanın ilk atom elektrik stansiyasını tikməyi planlaşdırır, Paris hökuməti isə Fransa universitetlərinin Qazaxıstanda filiallarını açmasını istəyir.
Fransa ənənəvi olaraq uran ehtiyacının əhəmiyyətli bir hissəsini Nigerdəki uran mədənlərində işləyən fransız şirkətlərindən alırdı. Bu tədarükün gələcəyi çevrilişdən sonra hakimiyyətə gələn anti-Fransa xuntasına görə risk altındadır.
Fransa iyulda çevrilişin enerji istehsalı üçün qısamüddətli risk yaratmadığını və iki il davam edəcək kifayət qədər uran ehtiyatına sahib olduqlarını açıqlamışdı. Bununla belə, Makronun Mərkəzi Asiyaya səfəri onu göstərir ki, Paris Niger kimi mühüm uran mənbəyində siyasi qeyri-sabitliyin yarada biləcəyi domino effektindən müəyyən qədər narahatdır.
Qazaxıstanlı politoloq Dosim Satpayev bu səfərin 100 ildir regionda dominantlıq edən Mərkəzi Asiya ölkələrinin Rusiya ilə əlaqələrinin böyük transformasiyanın yaşandığı bir dövrə təsadüf etdiyinə diqqət çəkir. Satpayev deyir ki, Ukrayna müharibəsi ilə Rusiyanın regiona təsiri azalıb: “Rusiya ilə hərbi əməkdaşlıq zəifdir və Ukrayna torpaqlarını işğal edəndən sonra Rusiyanın regiondakı imici pisləşib. Mərkəzi Asiya hökumətləri bu məsələni açıq şəkildə səsləndirməsələr də, bu transformasiya baş verir”.
Lakin Mərkəzi Asiyanın Qərblə inkişaf edən münasibətlərində də gərginlik mövcuddur.
ABŞ və Aİ Rusiyaya qarşı sanksiyaların Mərkəzi Asiya ölkələri vasitəsilə pozulduğu barədə bəyanatlar verib. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) araşdırmasına görə, bunlara Rusiya şirkətlərinin Qazaxıstandakı silahlı kiçik pilotsuz təyyarələrin və Qərb istehsalı olan mikroçiplərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi daxildir.
OCCRP-nin məlumatına görə, bu məhsullar Rusiya tərəfindən müharibə məqsədləri üçün istifadə olunur.
Rusiya uzunmüddətli müharibəyə hazırlaşarkən, bu paralel idxal praktikası yenicə çiçəklənməkdə olan Mərkəzi Asiya - Aİ münasibətlərini poza bilər. Amma regionda öz təsirini artırmağa çalışan təkcə Aİ deyil - Çin də bu qonşu regionla yaxından maraqlanır.
Pekinin bölgədəki hərbi varlığı nisbətən az olsa da, son illər onun iqtisadi iştirakı əhəmiyyətli dərəcədə artıb. Çinin “Bir kəmər, bir yol” Təşəbbüsünün kəmər hissəsi Çindən başlayan, Mərkəzi Asiyadan keçən və Avropaya çatan marşrutlara aiddir. Çin Mərkəzi Asiyada bu təşəbbüs çərçivəsində 100-dən çox layihəni maliyyələşdirib.
Söz yox, Fransa və Aİ heç vaxt Çinin birbaşa qonşusu olan bu bölgəyə qoyduğu sərmayələrin həcmi ilə rəqabət apara bilməz. Amma bu səfər zamanı Makron ümid edir ki, Ukrayna müharibəsinin gətirdiyi strateji fürsətdən istifadə edərək, Rusiyanın bəzi ənənəvi tərəfdaşlarını heç olmasa Qərbə üz tutmağa razı sala bilər.
“Fransa Qazaxıstanla təkcə neft və uran tədarükçüsü kimi deyil, həm də nadir torpaq metallarının mənbəyi kimi maraqlıdır” deyən qazaxıstanlı ictimai xadim və iqtisadçı Aydar Əlibayevun sözlərinə görə, yığılmasında nadir torpaq metallarından istifadə edən elektromobillərə qlobal tələbat artmaqdadır. Üstəlik, müdafiə sənayesində də belə metallara tələbat var.

“Avropa ölkələri öz anbarlarını daha qabaqcıl avadanlıqla doldurmalı, Ukraynada müharibəyə verilmiş hər şeyi bərpa etməlidirlər. Hərbi sənaye nadir torpaq metallarına ehtiyac duyur. Hesab edirəm ki, Makronun Qazaxıstana və bütünlüklə Mərkəzi Asiyaya marağı depozitlərə tələbin artması və onların işlənməsi ilə bağlıdır”, - Əlibayev bildirib.
O əlavə edib ki, Fransa resurslar müqabilində Qazaxıstana texnologiya və digər mallarını təklif edə bilər. “Müstəqilliyin bütün 32 ili ərzində biz də “neft iynəsi” üzərində oturmuş Rusiya kimi bu düsturla yaşayırıq: hər şeyin müqabilində xammal”, - deyə iqtisadçı izah edib.
Əlibayev qeyd edib ki, Fransa sənaye layihələrindən əlavə, mədəni mübadilə üçün də səy göstərir. Belə ki, Tokayev Makronla fransız məktəblərinin açılması və orta siniflərdə fransız dilinin tədrisi ilə bağlı müqavilə bağlayıb. Onlar Özbəkistanda Fransa universiteti açmağı planlaşdırırlar.
A.Əlibayev qeyd edib ki, son illər Mərkəzi Asiya ölkələrinə, xüsusilə Özbəkistan və Qazaxıstana Çin, Avropa ölkələri, ABŞ və Türkiyədən maraq artmaqdadır. Bunun bariz nümunəsi C5+1 diplomatik formatında ölkələrin görüşləri olub. Sentyabrın 29-da Berlində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərinin iştirak etdiyi birinci “Mərkəzi Asiya - Almaniya” sammiti, sentyabrın 19-da isə Nyu-Yorkda oxşar tərkibdə Mərkəzi Asiya-ABŞ sammiti keçirilib.
İqtisadçı hesab edir ki, Mərkəzi Asiya respublikaları coğrafi və geosiyasi mövqelərinə görə önəmlidir, dünya gücləri bu ölkələri öz tərəflərinə çəkmək istəyirlər.
“Qazaxıstana maraq var, çünki bizim Rusiya və Çinlə böyük sərhədimiz mövcuddur. Gələcəkdə həmin dövlətlə münasibətlər Qərbi məşğul edən əsas məsələdir. Məhz Qazaxıstan vasitəsilə bu məsələlər həll olunacaq. Bildiyimə görə, Tokayevdən kiminlə olacağına qərar verməyi ABŞ, Avropa və Çin tələb edib”, - deyə Əlibayev bildirib.
İMEMO RAS-ın Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin isə deyir ki, Makronun Mərkəzi Asiyaya səfəri ümumilikdə uğurlu alınsa da, əslində çoxlarının başlıca məqsəd hesab etdiyi uranla bağlı hər hansı rəsmi razılıq əldə olunmayıb. "Aydındır ki, hamı Fransanın ənənəvi təsir dairəsində - Afrikada işlərin yaxşı getmədiyini düşünür və Makronun Qazaxıstana və Özbəkistana məhz uran üçün gəldiyini bildirir. Ancaq enerji baxımından, xüsusən də uran tədarükü ilə bağlı heç bir irəliləyiş əldə olunmadı. Daha doğrusu, səfər ərəfəsində daha çox sui-qəsd nəzəriyyələri qurulurdu” deyib cənab Pritçin.
Politoloq və Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov isə Makronun Astananın xarici siyasəti ilə bağlı minnətdarlığına diqqət çəkir. “Biz Tokayevdən heç bir təkzib eşitmədik, o, bu minnətdarlığı qəbul etdi”, - ekspert RBC-ya bildirib. “Hazırda Rusiya ilə Qərb arasında baş verənlər kontekstində onun KTMT-dəki ən yaxın müttəfiqinin belə çoxvektorlu yanaşması Qazaxıstanın kursunun müstəqilliyini vurğulayan ifadəli jestdir. Özbəkistanla da eyni şeydir, ölkə nə KTMT-nin, nə də Aİ-nin üzvü olmasa da, çoxvektorlu kursu davam etdirir, Rusiya ilə ikitərəfli razılaşmaların əlverişli səviyyəsini qoruyur”, - deyə Dubnov yekunlaşdırıb.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin siyasi elmlər doktoru Artyom Kosorukov bu fikirdədir ki, Makron Mərkəzi Asiyaya səfər etməklə sadəcə düşdüyü bataqlıqdan çıxarmağa çalışır. “Makron həqiqətən də bir tərəfdən öz reytinqini saxlamağa və Fransanın Mərkəzi Asiyada tərəfdaşlarının olduğunu, digər tərəfdən də Qazaxıstan uranının Nigeriyadakı çevriliş nəticəsində itkiləri ödəyə biləcəyini göstərməyə çalışır”, - o deyib.
Politoloq əlavə edib ki, Makron bütövlükdə Fransanın enerji siyasətini şaxələndirməyə çalışır və bu səbəbdən də postsovet məkanında nüfuz qazanmaq istəyir. Bu məkana isə ilk növbədə Ermənistan, Gürcüstan, Qazaxıstan və Özbəkistan daxildir.
“O, göstərməyə çalışır ki, Fransanın öz geosiyasi maraqları var. Təbii ki, o, ABŞ prezidenti Co Baydenlə tandemdə hərəkət edir. Bunların hamısı, prinsipcə, Amerikanın gücünün uzadılması, postsovet məkanını Rusiyadan qoparmaq cəhdidir”, - politoloq bildirib.
Kosorukov vurğulayıb ki, ən vacibi Mərkəzi Asiyaya, yəni Çinin “Bir kəmər, bir yol” geoiqtisadi layihəsinin ən mühüm marşrutlarından birinin keçdiyi yerə nüfuz etmək cəhdidir.
“Yəni, Fransa ora daxil olmaq və Mərkəzi Asiyanın transsərhəd məkanının potensialından öz məqsədləri üçün istifadə etmək imkanlarının olduğunu göstərmək istəyir. Məncə bunun mənfi tərəfi var” deyən Kosorukovun fikrincə, Qazaxıstan və Özbəkistan hakimiyyəti öz enerji bazarını Fransa və Amerika şirkətlərinə daha da geniş açmadan əvvəl 10 dəfə düşünməlidir. “Bu gün və ya sabah, Qazaxıstan və Özbəkistan dövlət şirkətlərinin hesabları dondurulacaq, onların azadlığa buraxılması şərti bu respublikalarda siyasi kadr dəyişikliyi ilə bağlı tələblər olacaq”, - o əlavə edib.
“Makron Baydenin kiçik qardaşı, bölgədəki müharibə səfiri kimidir. Makronun olduğu yerdə onu qəbul edən ölkələrin milli maraqlarının təslim olması, Qərbin hərbi-siyasi varlığı və təzyiqi olacaq. Qərb isə hansısa mərhələdə Mərkəzi Asiya respublikaları ilə Rusiya, Çin, İran və ya onların bütün qonşuları ilə, xüsusən də suveren güc mərkəzləri ilə birdən-birə münaqişəyə başlayır”, - ekspert fikrini yekunlaşdırıb.
Beləliklə, Makronun Qazaxıstan və Özbəkistana səfəri ilkin anda sırf iqtisadi-ticarət müstəvisində görünsə də, əslində yaxın və orta vədədə bölgəyə və eləcə də Türk dünyasına xeyirli heç nə vəd etmir. Çünki Fransa tarixən hansı ölkə ilə əlaqələri genişləndirdisə, sonda həmin ölkəni iflasa sürüdü, xalqlarını isə mənəvi müstəvidə işğal etdi. Belə olmasaydı, o, Qazaxıstan və Özbəkistana çatar-çatmaz bi ölkələrdə fransız universitetinin açılması və orta məktəblərdə, eləcə də universitetlərdə fransız dilinin tədrisinə dair müqavilə imzalamazdı…