Fransanın dənizaşırı bölgəsi olan Cənubi Sakit Okeandakı Fransız Polineziyasında müstəqillik tərəfdarı olan partiya seçkilərdə qalib gəlib.
Hafta.az-ın "Politico"ya istinadən yazdığına görə, keçmiş prezident Oskar Temarunun rəhbərlik etdiyi Tavini Huiraatira partiyası 57 yerlik parlamentdə 38 kürsü qazana bilib. 57 yerlik parlament növbəti mərhələdə dövlət başçısını müəyyən edən orqan olacaq. Dövlət başçısının isə müstəqillik təklifini parlamentə gətirmək səlahiyyəti var.
Tavinin lideri, 78 yaşlı Temarunun partiya lideri vəzifəsini qoruyub saxlayacağı, lakin başqa bir tanınmış partiya sədri Moetai Brofersonun prezidentliyə namizədliyinin irəli sürüləcəyi gözlənilir.
İttifaqlar və fikir ayrılıqları səbəbindən 2004 və 2013-cü illərdə hakimiyyətdən düşmüş müstəqillik tərəfdarları 1977-ci ildə Tavini Huiraatira qurulandan bəri heç vaxt tam beş illik müddətə malik olmayıblar. Lakin bildirilir ki, parlamentdə bu dəfə əldə olunan mütləq çoxluq 5 illik müddətə işarə edir.
Fransanın daxili işlər və dənizaşırı bölgələr naziri Cerald Darmanin seçkilərin nəticələri ilə bağlı mesajında qalibləri təbrik edib və Polineziya vətəndaşlarının gündəlik həyatını yaxşılaşdırmağa davam edəcəyinə söz verib. "Polineziyalılar səsvermədən dəyişiklik üçün istifadə etdilər. Hökumət bu demokratik seçimi qəbul edir", - Darmanin bildirib.
Prezidentliyə favorit namizəd olan Broferson TNTV-yə "Sabah və ya gələn həftə müstəqil olmayacağıq. Fransa dövləti ilə işləməkdə heç bir problemim yoxdur və bu, sabah dəyişməyəcək" deyib.
Siyasi analitiklər deyirlər ki, Polineziyadakı seçki nəticələri Fransanı Sakit okeanda qlobal aktyora çevirmək istəyən Emmanuel Makron üçün böyük zərbədir.
Fransız Polineziyası ibtidai və orta təhsil, səhiyyə sistemi və ətraf mühit kimi məsələlərdə müstəqil olsa da, müdafiə siyasəti və ali təhsil kimi sahələrdə Parisin nəzarətində olan muxtar idarəetmə strukturuna malikdir.
Tavini Huiraatiranın parlamentdə mütləq çoxluğu müstəqilliyə doğru atılan ən mühüm addımlardan biri hesab olunur, lakin mümkün müstəqillik qərarı da Paris tərəfindən təsdiqlənməlidir.
Taiti, Sakit okeana səpələnmiş 118 ada və atoldan ibarət Fransız Polineziyasındakı adaların ən böyüyü və ən məşhurudur. 250 mindən çox sakinin yaşadığı bölgədə adambaşına düşən illik gəlir 17500 dollardan çoxdur.