G7 Ukraynaya iqtisadi yardımı 39 milyard dollara çatdırıb

18:44 23.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

G7 ölkələri fevralın 23-də Ukraynaya 2023-cü il üçün iqtisadi dəstəyi 39 milyard dollara çatdırıb və martın sonunadək Beynəlxalq Valyuta Fondunun ölkə üçün proqramını qəbul etməyə çağırıb. Bu barədə “Reuters” Yaponiyanın yaydığı bəyanata istinadən xəbər verir.

“2023-cü il üçün, Ukrayna hökumətinin ehtiyaclarına əsaslanaraq, biz büdcə və iqtisadi dəstək öhdəliklərimizi 39 milyard dollara qədər artırdıq”, - bəyanatda deyilir.

Agentliyin qeyd etdiyi kimi, bu qərar blokun maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Ukraynada xüsusi hərbi əməliyyatın ildönümü ərəfəsində keçirilən görüşündən sonra qəbul edilib.

Yaponiyanın maliyyə naziri Shunichi Suzuki jurnalistlərə bildirib ki, G7 növbəti addımlar barədə qərar qəbul etməzdən əvvəl Rusiyaya qarşı mövcud sanksiyaların effektivliyini qiymətləndirməlidir.