“Gömrük İttifaqının yenilənməsi Türkiyə üçün tarixi fürsət olardı” - Ekspert

10:05 12.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin ticarət naziri Ömər Bolatın Avropa İttifaqı (Aİ) ilə Gömrük İttifaqı sazişinin yenilənməsinə dair son açıqlamaları iqtisadi dairələrdə geniş əks-səda doğurub. Bununla bağlı maliyyə eksperti Məhəmməd Bayram öz fikirlərini bölüşüb.

Hafta.az-ın yazdığına görə, Bayram qeyd edib ki, Gömrük İttifaqının yenilənməsi Türkiyə üçün mühüm iqtisadi və strateji imkanlar aça bilər. Sazişin yenilənməsi valyuta ehtiyatlarını artırmaq və investisiya mühitini yaxşılaşdırmaq, həmçinin Türkiyənin Aİ bazarına daha asan çıxışını təmin etmək potensialına malikdir.

"Bu müqavilə təkcə kommersiya məsələsi deyil, həm də strateji əhəmiyyət kəsb edir. Yenilənmiş Gömrük İttifaqı ilə Türkiyə Aİ bazarına daha asan daxil olur, məhsul çeşidi genişlənir və sərbəst ticarət imkanları artır", - deyə Bayram bildirib.

Ekspert Türkiyənin Aİ ilə ticarət həcminin genişləndirilməsi sayəsində valyuta ehtiyatlarını artıra biləcəyini və bununla da iqtisadi sabitliyin əldə oluna biləcəyini vurğulayıb.

“BVF, JP Morgan və “Goldman Sachs” kimi beynəlxalq maliyyə qurumları tərəfindən Türkiyənin kredit reytinqinin son yüksəldilməsi iqtisadi göstəricilərin müsbət istiqamətdə getdiyini göstərir”, - deyən Bayram, Gömrük İttifaqının yenilənəcəyi təqdirdə bu cür dəyişikliklərin daha da arta biləcəyini bildirib.

Bayram qeyd edib ki, Gömrük İttifaqının yenilənməsi ilə Türkiyənin investisiya mühiti də yaxşılaşa bilər. Məhəmməd Bayram, "Gömrük İttifaqı xarici ticarət balansı, investisiya mühiti və məşğulluq kimi bir çox sahədə müsbət təsirlər yarada bilər. Yaxşı bir investisiya mühiti Türkiyəyə xarici kapitalı cəlb edir və məşğulluq nisbətlərinə müsbət təsir göstərə bilər" deyib.

Məhəmməd Bayram, "Türkiyənin Aİ-yə tam üzvlük prosesi bir çox maneələrlə üzləşsə də, Gömrük İttifaqının yenilənməsi bu prosesə müsbət töhfə verə bilər" deyərək Aİ-nin Türkiyə üçün kritik ticarət tərəfdaşı olduğunu bildirib. Bayram bu əlaqələri dərinləşdirməklə Türkiyənin Aİ ölkələri ilə ticarət həcminin əhəmiyyətli dərəcədə arta biləcəyini vurğulayıb.

Maliyyə eksperti Gömrük İttifaqının yenilənməsinin Türkiyənin iqtisadi gələcəyinə müsbət təsir göstərə biləcəyini və bu istiqamətdə atılacaq addımların ölkənin uzunmüddətli strategiyaları üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.

"Bu fürsət Türkiyənin təkcə iqtisadi deyil, həm də strateji baxımdan güc qazanmasına imkan verir. İqtisadi məlumatlarla yanaşı, siyasi və strateji təsirlər də nəzərə alınmalıdır", - Məhəmməd Bayram deyib.