Gömrük rüsumundan azad məsullar - AKTUAL

10:37 08.06.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə maliyyə naziri Samir Şərifov Milli Məclisin komitə iclasında qeyri-neft sektorundan daxil olan gəlirlərə toxunub. Nazir bəyan edib ki, Dövlət Vergi Xidmətinin bütün il üçün olan proqnozu ilin ilk rübündə həyata keçirməsi əlavə dəyər vergisi ilə bağlıdır.

O, həmçinin qeyd edib ki, gömrüklə bağlı da riyazi yanaşma düzdür: "Ötən il gömrük rüsumlarından daxilolmalar çox yüksək olmuşdu. Buna səbəb islahatlardır. Cari ildə də proqnozumuz ötən ilin icrasından aşağı idi. Bununla əlaqədar nəzərə almalıyıq ki, bizdə gömrük rüsumundan azadolmalar kifayət qədər çoxdur. Azalma da bununla bağlıdır. Qeyri-neft gəlirlərimiz nə qədər çox olsa, bizim üçün yaxşıdır. Biz bu zaman neft gəlirlərimizə qənaət edib, Neft Fondundan transferti azalda bilərik".

Maraqlıdır, bəs görəsən, hazırda Azərbaycanda gömrük rüsumundan azadolmalar, təxminən, neçə adda məhsula şamil  edilir və bu daha çox hansı sahələri əhatə edir? Daha hansı məhsulların gömrük rüsumundan azad edilməsinə ehtiyac var?

Qeyd edək ki, bu gün Azərbaycanda idxal gömrük rüsumları əvvəlki illərdə olduğu kimi yeddipilləli deyil, üçpilləlidir. Rüsum 0 faiz, 5 faiz və 15 faiz olmaqla tətbiq edilir. Belə ki, xammal 0 faiz, yarımfabrikatlar 5 faiz, hazır məhsullar isə 15 faiz rüsumla ölkəyə buraxılır. Ümumdünya Ticarət Təşkilatının 2021-ci il hesabatına görə, Azərbaycana idxal edilən aqrar məhsullarının 30, qeyri-aqrar məhsullarının isə 26,2 faizindən gömrük rüsumu tutulmur.

Bu ilin aprel ayında Baş nazir Əli Əsədovun Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə imzaladığı qərara əsasən, Azərbaycana idxal olunan 270 növ müxtəlif mallar 2030-cu ilin dekabrın 31-dək gömrük rüsumundan azad edilib. Dəyişikliyə əsasən, idxal rüsumundan azad edilən 203 mal üzrə gömrük dərəcəsi 15 faiz, 67 mal üzrə isə 5 faiz təşkil edirdi.

Bu siyahıya balıq unu, şəkər əlavələri və siroplar, həmçinin bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr, tropik meyvələr, kağız, karton və sair mallar daxil edilib. Yeni qərar 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, əslində vergi, gömrük rüsumlarının çox yığılmasının tək səbəbi şəffaflaşma deyil:

“Burada ən mühüm səbəb inflyasiyadır. İnflyasiya qiymətləri sürətlə artırır, qiymətlər artdığına görə rüsum da çoxalır. İnflyasiya azaldıqca, stabilləşmə müşahidə edildikcə, gömrük rüsumlarının artım dinamikası aşağı düşəcək. O ki qaldı Azərbaycanda, təxminən, neçə adda məhsulun gömrük rüsumundan azad edildiyinə, bu barədə konkret rəqəm söyləmək çətindir. Onu deyə bilərəm ki, gömrük rüsumundan azad olunan istiqamətlər müxtəlif ərzaq məhsulları, o cümlədən ərzaq məhsullarının komponentləridir ki, 2021-2022 ci illərdə xüsusən bahalaşmanın sürətini aşağı salmaq üçün hökümət bu addımları atdı. Eyni zamanda, son dövrlər hökumət elektriklə işləyən avtomobilləri gömrük rüsumundan azad edib. Digər tərəfdən, müvafiq razılaşmaya əsasən, MDB ölkələrindən Azərbaycana bütün məhsulların idxalı rüsumsuzdur. Onsuz da bu gün ölkədə inflyasiyanın həcmi sürətlidir, rüsumlar da əlavə olunsa qiymət səviyyəsi daha yüksək artacaq. Hökümət bunu nəzərə almalıdır. Ümumiyyətlə, hesab edirəm ki, istehsalda istifadə olunan bütün xammal, yarımfabrikat rüsumdan azad olunmalıdır.Yəni, mənşə ölkəsindən asılı olmayaraq bu istiqamətdə bütün məhsullar rüsumdan azad edilməlidir. Hökumətin qeyri-neft sektorunu inkişaf etdirmək prioritetləri var”.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanda gömrük rüsumundan azad olunan məhsulların sayı həddindən artıq çoxdur:

“Dövlətin iqtisadi siyasətindən asılı olaraq bu siyahı genişləndirilə bilir, yaxud müəyyən məhsullara güzəşt aradan qaldırılır. Hesab edirəm, hazırda bu tip güzəştlərin dərman məhsullarına tətbiq olunmasına ehtiyac var. Ölkədə dərman məhsulları çox bahadır. Bu, hazırda ölkənin ən böyük ehtiyac duyduğu istiqamətdir”.