“Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanla keçirdiyi görüşlərin nəticələri bir daha göstərdi ki, ölkələrimiz arasında hər hansı qlobal məsələyə yanaşma tərzi ilə bağlı prinsipial fərqliliklər yoxdur. Məhz bu amil Azərbaycan-Macarıstan əlaqələrinin genişlənməsi üçün əlverişli zəmin yaranmasına səbəb olmuş əsas göstəricilərdən biridir”.
Bu barədə Hafta.az-a Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov bildirib.
Deputat iki ölkə arasında tarixi əlaqə və oxşarlıqlara diqqət çəkib.
“Ölkəmiz Sovet İttifaqının tərkibindən çıxaraq öz müstəqilliyini bəyan etdikdən 1 il sonra Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələr yarandı. Macarıstan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayında qurulub. Həmin tarixdən keçən illər ərzində Azərbaycan-Macarıstan münasibətləri uğurla inkişaf edərək, bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.
G.Qəhrəmanov qeyd edib ki, bu gün Macarıstanla münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Macarıstan şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda təmsil olunmaları da bunu təsdiq edir. Həmçinin Macarıstan Azərbaycanı bütün beynəlxalq platformalarda və xüsusilə də Avropa İttifaqında daim fəal şəkildə dəstəkləyir.
Deputat Prezident İlham Əliyevin Viktor Orbanla mətbuata birgə bəyanatda II Qarabağ müharibəsinin mahiyyəti və nəticələri ilə bağlı səsləndirdiyi fikirlərin əslində bəzi Qərb dairələrinə ünvanlanmış mesaj olduğunu vurğulayıb:
“Prezident bir daha bəyan etdi ki, İkinci Qarabağ müharibəsi BMT-nin Nizamnaməsi əsasında aparıldı. Təbii ki, bu bəyanat ilk növbədə bu gün də Azərbaycanı nədəsə ittiham etməyə çalışan bəzi Avropa ölkələrinin rəhbərlərinə açıq mətnlə ünvanlanmış ciddi mesaj kimi dəyərləndirilməlidir. Bəyanatda qeyd olundu ki, BMT-nin Nizamnaməsinin 51-ci maddəsi ilə hər bir ölkənin özünümüdafiə hüququ dünya birliyi tərəfindən tanınır və qəbul edilir. Azərbaycan da məhz bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdi və 2023-cü ildə öz suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra məhz Azərbaycanın sülh danışıqlarının təşəbbüskarı kimi çıxış etdiyini diqqət mərkəzinə gətirməklə, Avropanın bəzi ermənipərəst qüvvələrini bir daha obyektivliyə, reallıqların qiymətləndirilməsində dürüst olmağa dəvət etdi. Həmçinin qeyd olundu ki, Ermənistan bu gün Azərbaycanın müəllifi olduğu sülh sazişinin mətnini artıq qəbul edib və hazırda müqavilənin imzalanması üçün qarşı tərəfin daha iki şərtlə razılaşması tələb olunur. Bunlardan biri Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını özündə ehtiva edən maddənin çıxarılması, digəri isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlıdır. Təbii ki, bu iki tələbin hər biri məntiqə və beynəlxalq hüquq normalarına uyğundur. Buna görə də Ermənistan gec-tez onları qəbul etməli olacaq” – deyə, Göydəniz Qəhrəmanov bildirib.